Bakıda “Nizami Gəncəvi 870-Şərq incilər” adlı konfrans keçirilir

3 Noyabr 2012 08:20 (UTC+04:00)
Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Tarix Muzeyi tərəfindən "Nizami Gəncəvi 870-Şərq incilər" adlı konfrans işə başlayıb.

AzNews.az-un məlumatına görə, tədbirdə tanınmış bir sıra ictimaiyyət və dövlət nümayəndələri, ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi, səfir Filipp Vervi, ABŞ Dövlət Departamentinin dünya qadın məsələləri üzrə əlaqələndiricisi Melanne Vere, ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar və onun xanımı, o cümlədən digər şəxslər iştirak edirlər.

Sərgi ilə tanış olan tədbir iştirakçıları Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz rolunu, zaman və məkan daxilində xalqlar arasında mədəni körpü rolunu oynadığını vurğulayıblar.

Bildirilib ki, dünya miqyasında Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin təqdim olunması istiqamətində görülən işlər vacib əhəmiyyət daşıyır. Azərbaycan Tarix Muzeyində təşkil olunan konfrans çərçivəsində həmçinin Nizami Gəncəvi beynəlxalq mükafatının da təqdimatı olub.
Qeyd edək ki, bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.

Bahar Rüstəmli
AzNews.az