Rusiya “yumşalır” – Türkiyə mal ixrac edə biləcək

15 Yanvar 2016 12:24 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hökumətdə yerli idxalçıların əvəz tapa bilməyəcəyi təqdirdə Türkiyə şirkətlərinin Rusiyaya mal ixrac etməsinə imkan verəcək qanun layihəsi hazırlanır.

Rusiya İqtisadi İnkişaf Nazirliyi artıq sanksiyaları yumşaldan qanun layihəsini hazırlayıb. Layihədə göstərilir ki, rus sifarişçilərin əvəz tapmayacağı və ya analoqların çox baha başa gələcəyi təqdirdə, Türkiyə şirkətlərinin Rusiyada fəaliyyət göstərməsinə və ya bu ölkəyə mal ixrac etməsinə icazə veriləcək.

Sanksiyalardakı yüngülləşmələr Türkiyənin 2018-ci il futbol üzrə dünya çempionatı üçün obyektlər inşa edən tikinti şirkətlərinə də aid ediləcək. Həmçinin, Rusiyanın Sənaye və Ticarət Nazirliyi yerli müəssisələr üçün tekstil idxal edə biləcək Türkiyə şirkətlərinin siyahısını tərtib edir.

Xatırladaq ki, noyabrın 24-də Rusiya qırıcı təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə tərəfindən vurulub. Bu hadisə iki dövlət arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub. Rusiya noyabr ayının sonlarında Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sözügedən sanksiyalara əsasən, Türkiyə meyvə və tərəvəzlərinin Rusiyaya gətirilməsinə, yerli işəgötürənlərin türkiyəli vətəndaşaları işlə təmin etməsinə, həmçinin, Türkiyə şirkətlərinin Rusiya ərazisində fəaliyyət göstərməsinə qadağa qoyulub.

Aydan AXUNDOVA