Jurnalistlərin gözlədiyi qanun parlamentdə

15 Yanvar 2016 15:23 (UTC+04:00)

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bununla bağlı parlamentdə məsələ qaldıracağını deyib.

Mətbuat Şurasının sədri qeyd edib ki, diffamasiya ilə bağlı məsələ hər zaman rəhbərlik etdiyi qurumun diqqət mərkəzində olub: "Demokratik dövlət quruculuğu yolunu tutan ölkə üçün diffamasiyanın dekriminallaşdırılması önəmlidir. Mətbuat Şurası mövcud zərurəti rəhbər tutaraq diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. Həmin layihənin ərsəyə gəlməsində ATƏT də öz dəstəyini verib. Sənəd bir neçə dəfə beynəlxalq təşkilatların, tanınmış media qurumlarının ekspertlərinin iştirakı ilə düzənlənmiş toplantılarda nəzərdən keçirilib və bəyənilib. Hətta Avropa Şurasının Venesiya Komissiyasında da müzakirəyə çıxarılıb. Qurumun müəyyən tövsiyələri olub. Düşünürəm ki, qanun layihəsinin hazırda parlament səviyyəsində müzakirəsi də vacibdir", - deyə o əlavə edib.

Ə.Amaşov diffamasiya ilə bağlı məsələnin Azərbaycan dövlətinin gündəmində olduğunu da vurğulayıb. O bildirib ki, ölkə prezidenti İlham Əliyev çıxışında Azərbaycanda diffamasiya sahəsində faktiki moratoriumun qeydə alındığını vurğulayıb: "Yəni faktiki olaraq ölkədə heç kəs, o cümlədən heç bir jurnalist Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə azadlıqdan məhrum edilmir. Digər tərəfdən, dövlət diffamasiyanın dekriminallaşmasında maraqlı olduğunu konkret fəaliyyət müstəvisində ortaya qoyur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fəslində diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması vəzifəsi müəyyənləşdirilir".

Millət vəkili bəzən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə daşınması məsələsinin ictimaiyyətdə birmənalı qarşılanmadığına da diqqət çəkib: "Bəzən bildirilir ki, diffamasiya mühiti xüsusən də mediada özbaşınalıqlar doğuracaq. Əlbəttə, narahatlıqları başa düşürəm. Mediada təhqir və böhtanlar kifayət qədərdir. Ancaq diffamasiya prinsipcə gedilməli yoldur. Prinsip isə ondan ibarətdir ki, kimsə işlətdiyi sözə görə həbsə düşməsin. Təbii, söz daha çox jurnalistika sferası üçündür. Diffamasiya isə sözün məsuliyyətini heç bir halda inkar etmir. Diffamasiya mühiti məsuliyyətsizlik mühiti deyil. Əksinə burada daha həssas olmaq lazımdır. Mətbuat Şurasının qanun layihəsi də mülki məsuliyyət növlərini nəzərdə tutur. Yəni mövcud istiqamətdə daha praktik və effektiv üsulları. Hesab edirəm ki, həmin üsulların real şəkildə tətbiqi mediada məsuliyyəti daha da artıracaq. İstəyimiz də elə budur. Çünki jurnalistika cəmiyyət üçün vacib institutdur", - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Azvision.az