Vəli Axundovun 100 illik yubileyi keçiriləcək

15 Yanvar 2016 18:11 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev akademikin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib.

Sərəncamda deyilir:

Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.