Dünyada ilk dəfə sünnilərlə şiələr vəhdət namazı qıldılar - Heydər Məscidində

15 Yanvar 2016 18:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dünyada ilk dəfə olaraq vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar ediblər. Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Heydər Məscidində şiələrlə sünilər vəhdət namazı qılmaq üçün bir araya gəliblər. Heydər Məscidinin rəhbəri Hacı Sabir bildirib ki, bu namaz Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunu daha da artıracaq: "Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli, Allah qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah Tala "Qurani-Kərim"də bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən, İslamın içərisində müxtəlif məzhəblərdə olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə, çox fərəhli bir haldır və çox böyük göstəricidir".

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqda tapşırıq verib. İlham Əliyev 2016-c ilin Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirən prezident İlham Əliyev, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq belə bir qərar verib.