“Azərsun”dan Zahid Oruca cavab: - O da, göz qabağındadır, biz də...

15 Yanvar 2016 19:37 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri "Azərsun Holdinq" şirkətinin mətbuat xidməti deputat Zahid Orucun qida sənayesi və ölkədəki qida inhisarçıları barədə ittihamlarına cavab olaraq bildirib.

"Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur.

Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu. Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük"-deyə "Azərsun Holdinq" şirkətinin mətbuat xidməti bəyan edib.

Xatırladaq ki, yanvarın 15-də əksər KİV-lər Milli Məclisin üzvü Zahid Orucun "Azersun"a yönəlik ittihamını dərc edib. Ölkə.az-a açıqlamasında Z.Oruc deyib: ""Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə bir az da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir.
Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azersun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, "bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30% bahalaşma elan edirik". Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azersun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azersun" olmasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?".