“ÖLMƏK NƏDİR Kİ... MÜHARIBƏDƏ SAĞ QALMAQ DƏHŞƏTDIR”

18 Yanvar 2016 11:32 (UTC+04:00)


– İbad bəy, 90-cı illərin əvvəlləri yadınızda necə qalıb?

– Mən 90-cı illərin əvvəllərində Rusiyada hərbi xidmətdə idim. Bakıda "20 yanvar" hadisələri baş verəndə artıq idmançı kimi tanınırdım. Sovet qoşunlarının Bakıda törətdiyi qırığın bizə çox pis təsir eləmişdi. Buna görə dostlarla məsləhətləşib hərbi xidmətdə aclıq aksiyasına başladıq.

Təxminən, üç yüz nəfərdən ibarət azərbaycanlının başladığı aksiyanın qarşısını almaq mümkün olmadı. Əksinə, proses get-gedə genişlənirdi. Hətta rus generalları işə qarışdı, mənə nə qədər əziyyətlər verdilər, yenə xeyri olmadı, biz aksiyanı saxlamadıq. Axırda tarixdə görünməmiş bir işə əl atdılar, məni və bir neçə azərbaycanlı əsgəri xidməti başa vurmağa dörd ay qalmış buraxdılar evə.

– Evə buraxılandan sonra nə elədiniz?

– Vətənimə gələndə artıq müharibə başlamışdı. O zaman mən hazır döyüşçü idim. Gələn kimi hərbi formamı soyunmadan qoşuldum ordu hissələrinə və könüllü dəstədə döyüşə başladıq. Kəşfiyyat dəstəsinin komandiri idim. Həm kəşfiyyata gedib məlumatlar gətirirdik, həm də döyüşürdük.

Təsəvvür eləyin, Rusiyadan yeni ayrılmış bir millət; yemək yox, içmək yox, silah-sursat yox... Çox ağır bir durumdu. Hərənin bir dəstəsi var, heç kəs heç kəsə tabe deyil, kim nə istəyir, onu da eləyir.

Təəssüf ki, biz gücümüzün heç 10-15 faizini erməniyə sərf eləmirdik, bizim əsas qüvvəmiz tamamilə başqa-başqa istiqamətlərə yönəlirdi.


– Başqa-başqa istiqamətlər deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, qüvvələr hara sərf olunurdu?

– Bir-biri ilə çəkişmələr, hakimiyyət davası, kreslo davası, hər tərəfdə bir dəstə, hərə özü üçün bir hakimiyyət idi, hərənin əlində bir silah vardı... Heç kəs heç kəsə qorxusundan bir söz demirdi. Belə bir vəziyyətdə döyüşlər çox pərakəndə hal alırdı, yəni sırf erməniyə sərf olunan qüvvə yox idi. Hərənin bir dövləti vardı.

Mən siyasətçi deyiləm, ancaq bir döyüşçü kimi deyirəm ki, ulu öndər Heydər Əliyev gəlməsəydi, bu gün Azərbaycandan, onun müstəqilliyindən söhbət gedə bilməzdi. Bizi ulu öndər qorudu. Ulu öndərin ən böyük xidməti odur ki, gəldi və müharibəni dayandırdı. Bunu hamı bilməlidir, hamı düşünməlidir ki, müharibə zamanında dayanmasaydı, bu gün Azərbaycan adında bir dövlət yox idi.

Dağlıq Qarabağ yeganə yerdi ki, ərazisi bizdə qalıb. Hazırkı sərhədlər çox arxadaydı, təxminən, 10-15 klometr geridəydi. Bu gün bizim əsgərlər mənim qanım, canım bahasına qoyduğum səngərdə dayanırlar.

– Necə yəni?

– Hal-hazırda həmin zonada, ermənini üç yüz metrliyində sərhəddi mən qoymuşam.

– Bəs döyüşçü yoldaşlarınızdan kimlər haqqında danışa bilərsiniz?

– Döyüşçü yoldaşlarımın çoxu durur. Mənim döyüşə apardığım əsgərlərdən çox az şəhid oldu. Hardasa 5-6 nəfəri dünyasını dəyişdi. Hamısı döyüşkən uşaqlar idi.
Mən müharibədə tarixdə görsənməyən bir addım atmışdım. Gecə ilə gündüzün yerini dəyişmişdim. Kəşfiyyatçıların yerləşdiyi kazarmada pəncərələrə qaranlıq olsun deyə qara adyallar tutdum. Gündüzlər uşaqları yatızdırırdım, elə bilirdilər gecədi. Gecələr də döyüşə gedirdik. Əsgərlərə elə təlim keçirdim ki, onlar sevinirdilər ki, bu gün təlim yoxdu, döyüş var.

– Niyə bizdə vətən uğrunda ölmək daha şərəfli əməl sayılır? Doğru bir təbliğatdırmı bu? Döyüşüb sağ qalmaq olmazmı?

– Düzdür, bizdə tez-tez deyirlər ki, vətən üçün ölümə getməyə hazıram. Xeyir, niyə ölməliyəm ki? Mən vətən üçün öldürməyə hazıram. Ölməyi düşünsən doğrudan da, öləcəksən. İnanmıram ki, ölmü düşünən adamdan qəhrəman olsun.

Hamı döyüşə gedəndə düşünməlidir ki, bu gün vətən yolunda, torpaq yolunda nə qədər düşmən öldürəcəm.


– Bayaq dediniz ki, mənim kəşfiyyatımda 5-6 nəfər şəhid oldu. Onları tanıyırdınızmı?

– Əlbəttə, tanıyırdım.

– Kimlər idi?

– Cəsarət vardı, Elşən vardı, Qamət vardı, Rövşən, Tərlan, Yaqub, Səxavət...

– Bu adamlar gözünüzün qabağında şəhid oldular?

– Hə...

– Necə şəhid oldular? Birini danışmağınızı istərdim.

– Ermənilərin dağın üstündə postları vardı. Kənddə camaatı qoymurdular gəzməyə, vururdular. O postu dağıtmaq, tutmaq mənə həvalə olunmuşdu. Mən də uşaqları hazırladım. Gecə gizlin yolla döyüşə gedəcəkdik. Amma ermənilər bunu bildilər, kimsə onlara xəbər çatdırmışdı. Qəfil həmin istiqamətimizi topla vurdular. Hamı gizləndi. Hardasa bir saat atıb dayandılar. Sonra uşaqları düzdük, gördüm bir nəfər yoxdu. Başladıq onu gəzməyə. Birdən dedilər ki, ağacın üstündə nəsə yanır.

Baxdıq ki, top düşüb Böyükkişi adlı bir dostumuzun yanına, bədəni parça-parça olub, ayağının biri qalıb ağacın üstündə şalvarı yanır...

– Bundan sonra ermənilərin postunu tutmağa getdinizmi?

– Düzü, hamı ruhdan düşdü, dedilər, getmirik döyüşə. Dedim, yox, Böyükkişinin qisasını almaq üçün mütləq getməliyik. Bütün döyüşlərdə həmişə qabaqda mən olurdum, hamı ən azı yarım metr məndən araxada gəlirdi. Heç kəs məndən qabaqda keçə bilməzdi.

Getdik erməni postunun aşağısına, gecə saat 12, ya da 1 olardı. Uşaqlara dedim ki, düşmən buralara mina qoya bilər, ona görə də topa getməyək, bir-birinizlə ara qoyun. Artıq erməniyə 40-50 metr qalmışdı. Ermənilər dağın üstündəydi, biz aşağıdan onları görürdük. Mən hardasa 10 metr öndə gedirdim, birdən araxada partlayış oldu. Uşaqlardan biri minaya düşdü, o birisilər də minaya düşənin yanında idi. Dəstəmizdən cəmi üç nəfər sağ qaldı. Yaralanıb hərəsi bir tərəfdə uzandı.

Yadıma gəlir, hamısı məni çağırırdı. İbad, İbad, İbad... Axı mən qayıda bilməzdim.

– Nə üçün?

– Qayıtsaydım, ermənilər gəlib hamımızı tutacaqdı. Uşaqlardan birinin qrantaliotu qırağa düşmüşdü. Qaçıb götürdüm, özü də hazır idi. Ermənilərin postunu vurdum, üstümdə qranatlar vardı, birini çəkib ora, birini bura atırdım. Özüm belə eləyirdim ki, guya çoxuq. Halbuki qalan mən, Səxavət, bir də Ədalət idi. Yoldaşlarımızın hamısı yaralı idi, yerdə çığırırdılar.

Ermənilərin yuxarıda üç cərgə səngəri vardı, 5-10 metr ara verə-verə səngər çəkimşdilər. Birinci səngərdən erməniləri çıxartdım, nə qədər ölənləri vardı. Mənim sağımda 5-6 metr aralıda Səxavət gəlirdi, ondan o üzdə Ədalət...

Mən çığırırdım ki, ayə, ordan gəl, ayə, burdan gəl... Guya 100-200 nəfərik. Qranatın birini o üzə, birini bu üzə atıram ki, guya geniş hücuma keçmişik. Ermənilərin birinci səngərini girməyə hazırlaşırdım, qəfil onlar ikinci səngərdən atdılar...

Çevrilib baxdım ki, görüm Səxavət, Ədalət sağdırmı? Həmin an Səxavət ayağını düz minanın üstünə qoydu. Mina birbaşa Səxavətin sifətindən vurdu, bəlkə iki metr göyə qaldırıb yerə çırpdı. Səxavətin sifəti parça-parça oldu.

Ədalətə dedim ki, sən Səxavətə bax, mən irəli gedirəm.



– Və tək qaldınız?..

– Hə, artıq tək idim. Elə təkcənə erməniləri ikinci səngərdən də çıxartdım. Düşmən çıxıb qaçdıqca öz minlarına düşürdü. Burda özgəsinə qoyu qazan özü düşər məsəli yada düşür.

Bütün bu proseslər bir dağın üstündə gedirdi. Onların səngərdən çıxartdım, nə qədər erməni ölmüşdü. Oturdum dağın üstündə, baxdım ki, səhər açılır, saat hardasa 6 olardı...

– Bayaqdan bu danışdıqlarınız hamısı gecə baş verib?

– Hə, gecə idi...

– Bəs acmırdınız, çörək, yemək məsələsini necə eləyirdiniz?

– Elə onu danışırdım. Səhər saat 6 idi. Dağın başında təkcə oturmuşam, ermənilərin öləni ölüb, qaçanı qaçmışdı. Bərk acmışdım. Gördüm ermənilərin balaca bunkerləri var. Girdim ora ki, görüm yeməyə bir şey varmı? Pendir-çörəkləri vardı, lavaş da vardı. Pendiri lavaşın arasına qoyub yedim.

Sonra kəndə xəbər göndərdim, gəlib yaralıları apardılar. Həmin döyüşdə üç nəfər şəhid oldu, amma dağı aldıq, həmin postu tutduq.

– İbad bəy, bayaqdan dəhşətli şeylər danışırsınız, amma məhz pendir-çörək məqamında qəhərləndim. Onlar da acanda pendir-çörək yeyir, biz də... Axı göz yaşının, ağrının, əzabın milləti olmur... Heç düşünürsünüzmü ki, bu müharibələr nəyə lazımdı?


– Kəramət, müharibə çox alçaq bir şeydi. Söhbət döyüşməkdən, ölməkdən, yaralanmaqdan getmir. Yanında ki, oğlanlar ölür, onun yarası səndə heç vaxt sağalmır. Gör mən nə qədər fiziki yara almışam, amma sağalmışam. Ancaq ən sevdiyim insanlar, dostlarım gözümün qabağında ölüb, bu yaralar məndə sağalmır və sağalmayacaq.
Mən həmişə demişəm, şəhidlər bir dəfə ölür, qazilər min dəfə ölür. Ölmək nədi ki... Müharibədə sağ qalmaq dəhşətdi. Sağ qalıb o qədər haqsızlıq gördüm ki, axırda bezdim, 1992-ci ildə müharibənin ortasında dedim ki, çıxıb gedirəm. Elə getmək istəyirdim ki, Rövşən adlı çox yaxın bir dostum şəhid oldu.

Sonra Rövşənin qəbrində and içdim ki, öləcəm, amma heç yerə getməyəcəm, axıra kimi döyüşəcəm.

– Təlimdən danışdınız, döyüşmək doğrudanmı adama öyrədilir? Yoxsa insanın içində bir eşq olmalıdı? Məsələn, sizə kim təlim keçib? Sizə təlim keçən adam demişdimi ki, gördün müharibədə təksən, qışqır, bağır, qıranatın birini o tərəfə, birini bu tərəfə at ki, elə bilsinlər çoxsunuz?

– Yox, heç kəs başa salmamışdı, hamısı öz ağlıma gəlmişdi. Döyüşün sirrini heç kəsdən öyrənməmişəm, həyatda mənə bircə böyük qardaşım Eyvaz idman dərsi keçib, vəssalam. Vətənpərvərlik insana valideyndən, anadan gəlir. Biz beş qardaşıq, hamımız ana laylası ilə böyümüş oğlanlarıq. Bizim beşimizin də ayrı-ayrılıqda döyüş yollarımız var. İlyas adlı bir qardaşım vardı, çox mərd, adlı-sanlı bir oğlan idi. Şəhid oldu.

Yenə deyirəm, mənə vətənpərvərlik anamın laylaylarından gəlir.. O laylalardan aldığım güc idi ki, qabağıma heç kəs çıxa bilməzdi. Mən Rusiyada əsgərlikdə bütün millətlərlə döyüşdüm, hamısını məhv elədim...

– O gücü içinizdə yenə hiss eləyirsinimi?

– Əlbəttə... Müharibə olsa, mən gənclərin qabağında getməyə çox lazımam. Çünki o gücü həmişə içimdə qoruyub-saxlayıram.

– Erməni komandiri Monte Melkoniyanın başını kəsəndə sizin yanınızda kimsə vardımı?

– Yanımda Fikrət, Cəsarət Sadıqov, Elçin Qəhrəmanov və Qamət Qəhrəmanov vardı. Şansımız vardı ki, Monte Melkoniyanı arxadan vuraq, amma vurmadıq, üz-üzə vuruşduq. Mən onunla təkbətək çıxdım və başını kəsdim.

– Mümkünsə həmin prosesi başdan danışmağınızı istərdim...

– Ağcabədi rayonuna ermənilər hücum eləmişdi. Mən də kəşfiyyatçılara təlim keçirdim. Gördüm ki, atışma səsi gəlir. Məlum oldu ki, ermənilər Ağcabədinin Qiyamadınlı kəndinə hücum eləyirlər. Tez məni qərargaha çağırdılar. Bütün camaat qaçırdı. Komandir mənə dedi ki, ermənilər irimiqyaslı hücuma keçiblər.

Məlumat vardı ki, düşmənlər Ağcabədini almaq və Kür çayında sərhəd qurmaq istəyirlər. Kür çayında sərhəd qurmaq o deməkdir ki, təxminən, əlavə 10 rayon işğal olunacaqdı.
Komandir çox çarəsiz bir vəziyyətdə əl açıb mənə dedi ki, neyləyək? Axı heç bir qüvvəmiz yoxdu. Nəsə bir hadisə törətmək lazımdır ki, onların hücumu 4-5 gün dayansın, ona kimi qüvvələr yığaq...

36 nəfər kəşfiyyatçım vardı. Yeganə hal idi ki, gəlib kəşfiyyatçılarıma dedim ki, bu döyüşə yalnız könüllü getmək lazımdı, kim könüllü gedirsə qabağa çıxsın. 36 nəfərdən 12-si qabağa çıxdı. Dedim, dincəlin, axşam döyüşə gedirik. Özüm yata bilmədim, ermənilərin arxasına keçib hücumun qarşısını almaq üçün planlar qurdum. Axşam saat 8-də uşaqları yuxudan qaldırdım, hazırlaşdırdım və getdik.

Xonaşin çayı var. Ermənilərin Martunu şəhərinin, yəni indiki Xocavəndin kanalizasiyası o çaya axır. Uşaqlarla birlikdə çayın içindən keçib getdik düz ermənilərin 10-15 kilometr arxasında dayandıq. Səhər saat 5 idi, əynimiz yaş, hava da soyuq... Uşaqların paltarını sıxıb qurutduq, sonra dörd nəfər götürüb girdik qalınlığa. Uşaqların qalanın üzüm bağında gizlətdim.



– Bura qədər Melkoniyan haqqında məlumatınız vardımı?

– Ağdamın MTN-ni mənə demişdi ki, Yeravandan Martuniyə komendat gətirilib. Biz Melkoniyan demirdik, onun Avo kimi tanıyırdıq. Avo həmişə sarı rəngdə Uaz maşında gəzərdi, hara gedirdi, hardan gəlirdi, onu bir ay qabaqdan izləyirdik.

Üç-dörd nəfərlə birlikdə üzüm bağlarından yuxarı qalxdıq, baxdıq ki, dəhşətli döyüşlər gedir, aləm dağılır, qırığındı. Amma biz bu döyüşə ermənilərdən arxada baxırdıq. Uşaqları yerlərə müşahidə üçün qoymuşdum. Biri gəlib dedi ki, sarı rəngli Uaz çıxıb gəlir. Gedib baxdım, gördüm Avonun Uazıdır, izləyib ermənilərin düz qərargahını tapdım. Düşərgələrinə baxdım ki, nə qədər tanklar, toplar, qüvvələr, saqqallı ermənilər doludu.

Bir saat keçdi, gördüm həmin Uaz qərargahdan qayıdıb gəldi, bizi keçib getdi səngərlərinə. Bir saat da orda qaldı, sonra çıxıb düz bizim istiqamətdə gəlirdi. Bayaq dediyim çay vardı, Xoneşin, o çaydan uaz keçmədi, qaldı. Aramız 500 metr olardı. Gördüm ki, Uaz-dan saqqalı, hündürboy bir erməni düşdü. Arsaınca da iki erməni əsgəri gəlirdi. Çevrilib əsgərlərə əliylə işarə elədi ki, gedib uazı çıxarsınlar.
Günorta saat 1 olardı.

Erməni saytları həmişə yazır ki, Avo tək gəzməyin güdazına getdi. Elə mən də tək gəzməyi sevərdim. Avo gəldi. Məndə səssiz silah vardı. Bizim hərbi hissədə bir dənə səssiz silah məndə idi. Uşaqlar üstümə dirəndi ki, səssiz silahla Avonu arxadan vuraq. Dedim, yox, onunla üz-üzə gələcəm.

Mən də gənc idim, güclü idim, heç nə vecimə deyildi.

Deməli, bir dönəcək vardı, orda qarşısına çıxdım.

– Fikrət də yanınızdaydı?

– Hə... Cəsarət, Qamət və Elçini qıraqda qoydum ki, birdən başqa yerdən ermənilər gələr, bizi qorusunlar. Avo məni görən kimi donub qaldı. Aramızda təxminən, iyirmi metr vardı. Ona rusca dedim ki, silahını yerə atsın. İnanmadı. Elə bildi ki, özününkülərdi, onunla zarafat eləyir. Başladı öz dilində nəsə danışmağa. Hamımız eyni əsgər geyimində idik, ermənilərə də, bizə də... Eyni geyimi bizə ruslar vermişdi.

Avonun ağlına gəlməzdi ki, günorta vaxtı, özü də artıq işğal olunmuş ərazidə qabağına kimsə çıxar.

Sonra Azərbaycan dilində dedim ki, at silahını. O, silahı aşağıda tutmuşdu, mənsə hazır vəziyyətdə idim. Gördüm o da silahı mənə tuşlayıb, amma onda silah bağlı idi. Silahı açmağa tələsirdi ki mən tez nişan almadan ona atdım, qarnından vurdum. Yerində fırlandı, avtomatı beş metr kənara düşdü, özü də üzü üstə yerə yıxıldı. Pişik kimi qaçdı ki, silahını götürsün, mən özümü çatdırdım. Çatan kimi təpiklə sifətinə vurdum, hobbanıb xırttəyindən yapışıb bıçağımı çıxartdım.

Dedi ki, boğazımı kəsmə, kəsmə...

– Həmin an hansı dildə danışırdı?

– Avo türkcə təmiz bilirdi. Türkcə ayrı sözlər də dedi, dəqiq yadımda deyil. Qolu ilə imkan vermirdi başını kəsməyimə. Axırda qolunu dizimin altına qoyub bıçağı çəkdim boğazına, dirədim sümüyə. Sonra buraxdım. Buraxan kimi qalxıb dizi üstə oturdu. Əlimi salıb gözündən çəkdim, qanırıb başını üzdüm.

Bütün üstüm qana batdı. Sonra sağ qolunu da kəsdim.

Üstündə sənəd-zad, xəritə vardı, hamısını götürdüm...



– Sonra neylədiniz?

– Axı yoldaşlarımızı üzüm bağında gizlədib getmişdik. Uşaqlarla birlikdə üzüm bağının içinə, onların yanına qayıtdıq.

– Gedəndə Avonun başını da götürmüşdünüz?

– Hə, onun kəlləsini də götürmüşdüm. Cibindən qələmini də götürmüşdüm, o qələm məndə hələ də durur.

– Bəs ermənilər necə bildi ki, Avo öldürülüb?

– İki saatdan sonra başladılar Avonun gəzməyə. Qışqırıb Avonu çağırırdılar. Bütün Martuni şəhəri onu axtarırdı. Bütün tank, ordu hamısı doldu Avonun girdiyi dərəyə. Çünki onun arxasınca gələn iki əsgər demişdi ki, Avo bura girdi.

Biz bütün bu prosesi üzüm bağında gizləndiyimiz yerdən görürdük.

Bizim sağ-salamat ordan çıxmağımız tarixi bir şeydi... Üç gün elə bildilər bizi öldürüblər. Üç gündən sonra gəlib çıxdıq.

Təbii, bu hadisədən sonra ermənilərin Ağcəbədi istiqamətində hücumu dayandı.

– İbad bəy, siz Avonun başı ilə şəkil də çəkdirmisiniz. Maraqlıdı, iki daşın arasında şəkil çəkdirmək hardan ağlınıza gəldi?

– Cibimdə qırıq bir şəkilçəkən aparatım vardı. (gülür) Kəndlərin də şəklini çəkmişəm, hamısı məndə durur.

– Şəklinizi kim çəkdi?

– Avonun kəlləsi ilə şəklimi Cəsarət çəkdi. Sonra uşaqların hamısı bir-bir həmin kəllə ilə şəkil çəkdirdilər.

– Avonun başını neylədiniz?

– Kəlləni gətirdim hərbi hissənin komandirinə. Komandir əsgərləri göndərdi ki, kəndin ağsaqallarını çağırsın. Komandir camaata dedi ki, hara qaçırsınız, İbad gedib onların komandirinin başını kəsib gətirdi. Sonra başı atdım ortaya. Hamı təpikləməyə başladı.
Mən Avonun başının sümüyünü saxlamışdım...

– İndi də durur?

– Bir dostum vardı. Moskvadan mənlə görüşməyə gəlmişdi. Dedim, ermənilərə güllə atmısan? Dedi, yox. Avonun başını verdim, dedim, al bir erməniyə güllə vur. Nə qədər atdı, vura bilmədi. Çıxartdım bir dənə güllə atdım, kəllə parça-parça oldu, dağıldı...

– İbad bəy, Ramil Səfərov da ermənini başını kəsib, amma onun tənqid eləyirdilər ki, düşmənin başını yatdığı yerdə kəsib. Sizsə bayaq dediniz ki, Avonun arxadan vurmaq istəmədim...

– Erməni bizim düşməndi, əsas odur ki, düşmən öldürəsən. Deyir, ilanın ağına da lənət, qarasına da... Mən döyüşçüyəm və döyüşdə gördüyüm, yaşadığım şeyləri danışıram.
Ramil Səfərov da erməni öldürüb. Dəxili yoxdu, üz-üzə gəlib öldürüb, yoxsa yatdığı yerdə öldürüb... Hər halda Ramil bir düşmənin sayını azaldıb.

– Bəs Mübariz İbrahimovun qəhrəmanlığına münasibətiniz necədi?

– Mübariz həyatını riskə qoyub ölümə gedib. Cavan, gənc bir vaxtında canını vətən yolunda qurban verib. Bu, əlbəttə, qəhrəmanlıqdır. Dəxili yoxdu çox erməni öldürdü, yoxsa az erməni öldürdü... Əsas odur ki, vətən üçün öz həyatından keçib.

– Görəsən, adam döyüşəndə düşünür ki, o, qəhrəmanlıq eləyir?

– Ağıllı adamdan qəhrəman olmaz ki... Qəhrəman dəli-dolu olmalıdı. Sən qarşına məqsəd qoymursan ki, mən qəhrəmanlıq eləyəcəm. Gözünü yumub irəli gedirsənsə, deməli, səndə ağıl yoxdu. Ona görə deyirəm ki, qəhrəmanlar dəli olur.

– Bəs düşmən tərəfdə də yaxşı döyüşə bilən əsgərlər vardımı, yadınızda qalıbmı?

– Düşmənə zəif baxmaq düzgün deyil. Düşmənini tanıyıb döyüşməlisən. Biz həmişə erməniyə peşka kimi baxmışıq, amma nəzərə almalısan ki, orda da sənin kimi döyüşən oğlanlar var.

Özümdən danışmağım bir az yaxşı çıxmır. Ona görə mən o vaxtkı İbaddan danışıram. 26 dekabr mənim öldüyüm gündü. Üç ay komada qaldım. Hamı elə bilirdi ölmüşəm. Yas yerim düzəlmişdi, hamı gəlib ağlayıb gedirmiş. Məktəbdə şəhidlərin şəklindən ibarət lövhə vardı, aparım öz şəkli həmin şəhidlərin sırasına daxil elədim.
Bizim kazarmada hamı arxayın idi ki, burda İbad var.

Cavan oğlan idim, güclü, cüssəli, qorxusuz, sözünü deyən, bütün döyüşlərin önündə gedən...

Yenə deyirəm, mən özümdən danışmıram, İbaddan danışıram.

– Döyüşdə adam atasını, anasını, bacı-qardaşını, sevdiyi qızı düşünürmü?

– Orda düşünənlər vardı...

– Siz necə, düşünürdünüzmü?

– Məndə heç vaxt qadına-qıza sevgi olmayıb, mənim sevgim ancaq vətənə, torpağa olub. Həmişə düşünmüşəm ki, vətənimi, torpağımı qoruyub-saxlayım.

– Evdə neçə uşaq olmusunuz?

– Səkkiz uşaq olmuşuq, beş qardaş, üç bacı.
Mən anamın bətnində olanda atam anama qurd ürəyi yedirdib. Atam ovçu olub, canavarı vurub, ürəyi çıxardıb kabab eləyib, gətirib anama verib ki, yesin.
Anam bilməyib ki, yediyi qurd ürəyidi. Elə bilib ki, dağ keçisidi. Atam onu aldatmışdı.

– Maraqlıdır, atanızın məqsədi nə idi ki?

– İstəyirdi ki, mən ürəkli olum...



Kəramət Böyükçöl
AzNews.az