İngiltərədə müsəlman qadınlara ingilis dili öyrədiləcək - Lakin “qamçı” ilə...

18 Yanvar 2016 20:13 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeron məlumat verib. Bununla Britaniya hakimiyyəti müsəlmanların inteqrasiyasını asanlaşdırmaq və onların radikal islamçıların qruplaşmalarına qoşulmaq meylini azaltmaq istəyir.

"Biz hər kəsin öz istedadını tam istifadə edə biləcəyi daha çox inteqrasiya olunmuş, birləşmiş cəmiyyət, vahid millət yaratmaq istəyirik. Əhalinin bir qismi ölkənin ana dilində danışa bilmədən, imkanlar ölkəsi yaratmaq mümkünsüzdür. Bir çox hallarda bu, onların özünün günahı deyil. Həmin qadınlar sadəcə elə vəziyyətə düşüblər ki, onları inteqrasiya olmamağa, küçəyə çıxmamağa, dili öyrənməməyə çağırırlar. Və bu, çox pisdir. Bu, bizim ölkəmizdə dəyişilməlidir. Edilən təkliflər də bu kimi dəyişikliklərə xidmət edəcək", - deyə Baş nazir bildirib.

Britaniya hökuməti müsəlman qadınların dili öyrənməsilə bağlı bütün xərcləri öz üzərinə götürməyə hazırdır. Lakin hökümətin bir şərti var: müsəlman qadınlar 2,5 il ərzində dili öyrənə bilməsələr deportasiya oluna bilərlər.

Britaniyadakı Müsəlman Qadınları Asossiasiyasının nümayəndələri bu təkliflərlə razı olmadıqlarını dilə gətiriblər.

"İngilis dilini həqiqətən də öyrənmək istəyən müsəlman qadınlar bizim etimad telefonlarımıza müraciət edirlər. Xüsusilə də onlar ərlərinin yanına gələn qadınlardır. Lakin buna onların ailələri icazə vermir. Deportasiya hədəsi isə onları nəzarətdə saxlamaq və susmağa məcbur etmək üçün istifadə olunur. Buna görə də, hökumətin "biz qadınları öyrənmədikləri üçün cəzalandıracağıq" sözləri, əslində, həmin qadınları daha çox qurbana çevirir", -deyə Shoista Gohir bildirib.

Qeyd edək ki, bu gün təkcə İngiltərədə ingilis dilində danışmayan təxminən 190 min müsəlman qadın yaşayır. Miqrantların arvadları üçün yeni qaydalar artıq bu ilin oktyabr ayından qüvvəyə minəcək.

Aydan Axundova