Berlində 20 Yanvar faciəsi anılıb - Fotolar

18 Yanvar 2016 20:55 (UTC+04:00)

Səfirlikdən AzNews.az-a verilən məlumata görə, tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin, müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrin, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri və alman mətbuatının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Səfir tədbir iştirakçılarına faciənin tarixçəsi barədə məlumat verib. Pərviz Şahbazov müstəqil Azərbaycanın şəhidlərimizinuğrunda həyatlarını qurban verdikləri azadlıq, suverenlik və demokratik dövlətçilik dəyərlərinin keşiyində dayandığını, milli maraqlara uyğun müstəqil siyasət yürütdüyünü vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan səfir torpaqlarımızın işğalına son qoyulmasını, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasını Azərbaycan dövlətinin onun müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşların ruhu qarşısında müqəddəs borcu adlandırıb.

Tədbirdə çıxış edən Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Azərbaycanın müstəqillik illərində yürütdüyü siyasəti və əldə etdiyi nailiyyətləri təhlil edib. Natiq dövlətimizin regionda və dünyada artan rolunu, müstəqil və balanslıxarici siyasətini, Avropanın enerji təchizatında oynadığı konstruktiv rolu vurğulayıb.

Matias Dornfeld çıxışında Azərbaycanın multikulturalizm və dini tolerantlıq dəyərlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin tarixən dinc şəraitdə yaşadığı məkan olub və Azərbaycan hökumətinin siyasətində bu dəyərlərin təşviq edilməsi mühüm yer tutur.

Tədbirin rəsmi hissəsindən sonra, gənc musiqiçi Nərmin Nəcəflinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti olub.