“Hansı banklar birləşə bilər?” – Adlar

19 Yanvar 2016 16:30 (UTC+04:00)

Bu sözləri AzNews.az-a açıqlamasında hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Bankın sədri Elman Rüstəmovun Azərbaycanın bank sektorunda 5-7 bankın birləşə biləcəyi fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan bankların yarıdan çoxu hazırda müflis vəziyyətindədir: "Hazırda Azərbaycanda 40 bank var ki, həmin bankların yarısından çoxu faktiki olaraq müflisdir. Onların birləşməsi mümkün deyil. Qeyri-sağlam banklar birləşə bilməz. Həmin bankları bağlamaq lazımdır. Amma bəzi sağlam banklar var ki, onların vəziyyəti çətindir. Buna baxmayaraq onlar birləşsələr, mövcud vəziyyətdə fəaliyyət göstərə bilərlər. Bəlkə də Elman Rüstəmovun dediyi kimi bu cür bankların sayı 5 və ya 7-dir. Amma əksər bankları bağlamaq lazımdır".

Əkrəm Həsənov qeyd edib ki, bir necə bank birləşib bir ad altında fəaliyyət göstərə bilər: "Bu gün dövlətə məxsus cəmi iki bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Azər-Türk Bank" var. Hər iki bankda da vəziyyət pisdir. Amma yenə də onlar sağlamdır. Çünki onların dövlətdən köməyi var. Bu səbəbdən onların bağlanmaq ehtimalı yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, birləşməlidirlər. Çünki dövlətin iki bank saxlamağa ehtiyacı yoxdur. Hər iki bankı birləşib, vahid bir ad altında fəaliyyət göstərməlidir. Elə banklar var ki, onlar da ümumən sağlamdırlar. Amma çətinlikləri var. Onlar əsasən bir holdinqə məxsus olan banklardır. Məsələn, "Paşa Bank", Kapital Bank, "Ata bank" və "Xalq Bank". Bu banklar əslində bir əldə olan banklardır. Bunların da birləşməsi labüddur. Birləşib bir adda məsələn "Paşa Bank" adı altında fəaliyyətlərini davam etdirmələri daha yaxşı olardı".

Sevinc YASİNQIZI