Həbsdəki oğlundan imtina edən aktyor: “Adıma ləkədir” (Müsahibə)

21 Yanvar 2016 13:01 (UTC+04:00)

Ata-bala arasındakı soyuqluğun səbəblərini öyrənmək üçün AzNews.az-ın əməkdaşı Rəhman Rəhmanovla söhbətləşib.

- Rəhman müəllim, oğlunuz ikinci dəfədir ki, polis tərəfindən saxlanılıb. Siz isə ata olaraq çıxıb oğlunuzu müdafiə etmədiniz, əksinə ondan imtina etdiyinizi dediniz. Doğrudanmı övladınızla bütün körpüləri yandırmısınız, yoxsa o sözləri sadəcə hirsli başla demisiniz?

- Hansı valideyn istəyər ki, övladı həbsə düşsün, adı pis işlərdə hallansın? Mən də onun pis əməllərinə görə ondan incimişəm, danışmıram.

İki oğlum var. Hər ikisi ailəlidir. Biri ailəsi ilə kirayədə yaşayır. Onun evinin kirayə pulunu da mən ödəyirəm. Atayam, ürəyim dözmür.

- Sizinlə yaşayan oğlunuz Emildir?

- Yox, o bizimlə qalmır. O, da ailəlidir, uşaqları, həyat yoldaşı var. Bizdən kənar yaşayırlar. Amma gəlib gedirdilər. Elə bir əlim də onların üstündə idi.

- Birinci dəfə həbsdən çıxandan sonra Emillə barışmışdınız? (Aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilmişdi - red.)

- Əlbəttə. Danışırdıq, gediş-gəliş var idi. İki-üç aydır ki, aramız dəyib, vəssalam, ata-oğul münasibəti bura kimiymiş.

- Emilin ailəsi ilə, nəvələrinizlə də əlaqələrinizi kəsmisiniz?

- Yox əlbəttə, ailənin nə günahı var? Amma münasibətlər çox sərindir. Mən düz adamam. Həyatda yalnız düzgünlüyü sevirəm. İnsan gərək işində, əməlində düz olsun. Bizi xalq tanıyır, sevir. Tamaşaçılarımız var. Onu da xalq müğənni kimi tanıyır. Müğənninin adı yaxşı işlərdə hallanmalıdır. Artıq hərəkət edib gedib polisə düşmək Rəhmanın ailəsinə yaraşmaz. O, isə bu əməllərindən əl çəkmədi. Mən də buna görə övladımla bir dəfəlik qurtardım. Şəxsən mən Rəhmana belə xoşagəlməz şeylər yaraşmır. Ailəmdə neqativ hal olmamalıdır. Mən özüm elə olmamışam axı… Bir dəfə pis iş tutmamışam. Nümunəvi bir ailəm olub. Amma nümunəvi ailədən də pis övlad çıxır. Emil də bizim nümunəvi ailədən çıxan pis övlad oldu.

- Oğlunuz necə oldu ki, bu yola düşdü?

- Emilin öz bəlasıdır, özü bu yolu seçib. Ətrafı pis olub. Ətraf pis olanda təsir altına düşürsən.

- Polisin onu nə üçün saxladığı ilə maraqlanmısınız?

- Heç ailəsi də onun niyə həbs edildiyini bilmir. Qaranlıq bir məsələdir. Nə olur-olsun, ora düşübsə, bu mənə ləkədir. Buna görə də ondan imtina etdim..

- Rəhman müəllim, teatrda işləriniz necədir? Başınız oğlunuza, ailənizə qarışıb teatrı unutmamısınız ki?

- Teatrda o qədər işim var ki. Tamaşasız teatr, rolsuz isə aktyor olmaz.

- Teatrınızın 2016-ci il repartuarı açıqlanıb?

- Bilmirəm. Yəqin ki, açıqlanar. Amma bilmirəm ki, o tamaşalarda mənə rol verəcəklər ya yox. Tamaşalar yaxın vaxtlarda hazırlanacaq. Orada rol alıb-almadığımı rejissor biləcək. Teatrın hazırda repertuarında olan tamaşaların bəzilərində rolum var. Amma bütövlükdə bütün tamaşalarda rol oynamaq qeyri-mümkündür. Bir aktyor bütün repertuarda ola bilməz. Mənim də öz tamaşalarım var.

- Rejissor kimi tamaşa hazırlamaq fikiriniz varmı?

- Hazırda belə bir fikirim yoxdur. Yəni aktyor kimi işim daha çoxdur. Tamaşa hazırlamağa vaxtım yoxdur. Rejissor kimi işləmək aktyorluqdan daha çətindir. Mənim teatrda yüküm çoxdur, ona görə də rejissor işini kənara qoymuşam.

- Bir neçə müddət bundan əvvəl ayağınızdan əməliyyat olundunuz. İndi sağlamlığınız nə yerdədir?

- Yaxşıdır, amma tam demək olmaz ki, qaydasındadır. Mən ağır şəkərəm, bu da sağalan xəstəlik deyil. Sağ olsun, həkimlər məni müalicə edib, həyatda saxladılar. Vaxtında müdaxilə etdilər. Əgər vaxtında əməliyyat olmasaydı sözsüz ki, ayağım kəsilməli idi. Həkim Zaur Əliyev, Nəsrəddin Abışovun sayəsində ayaq üstəyəm. Mən ilk növbədə ölkə prezidentinə minnətdaram. Bir neçə ildir ki, prezident mükafatçısıyam. O pul mənim bütün dava-dərmanıma çatır.Sağ olsun dövlətimiz, gedib kiməsə ağız açmıram. Onların mənə verdiyi pul bütün işlərimə böyük köməkdir. Dərman, iynə, sistem - bunlar pul hesabına alınır və onlar olmasa xəstə də həyatda olmaz. Elə bir günüm yoxdur ki, dərman qəbul etməyim. Prezidentimizin mənə qayğısı olmasa mən çətin yaşayaram.

- Dövlət sizi evlə təmin etdimi?

- Yox, hələ bir otaqlı evdə yaşayıram. Xəstə adamam, yaşadığım mənzil çox darısqaldır, ailə ilə düz gəlmir. Yəqin ki, nəzərə alınacaq. İnanıram ki, məsləhət olsa verərlər.

- Teatrdan Mədəniyyət və Turizm Nazirliyinə evlə bağlı göndərilən təqdimatda adınız olub?

- Bilmirəm. Yəqin ki, qiymətləndirərlər. Daha bir Rəhman Rəhmanov olmayacaq. Cənab prezident və nazirimiz də bizim kimi aktyorları nəzərə alır. Ümid edirəm ki, ev alacağam.

- AzTV-də "Ordan-burdan" layihələriniz vardı, onu davam etdirmək fikriniz varmı?

- Mənim işlərim çoxdur. Həm də xəstəlik imkan vermir. Ona görə də planda belə bir şey yoxdur.

Bahar RÜSTƏMLİ
AzNews.az