Cəbrayıllıların aksiyasını Müsavat təşkil edib? – Qalmaqal

21 Yanvar 2016 13:13 (UTC+04:00)

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı bu məsələyə münasibət bildirərkən bütün bunların yazar Günel Mövlud tərəfindən təşkil olunduğunu demişdi.

Bu günlərdə isə həmin aksiyanın Müsavat partiyası tərəfindən təşkil olunduğu barədə məlumatlar yayılıb. AzNews.az-a daxil olan məlumata görə, Müsavat partiyasının üzvü Vahid Əhmədov bildirib ki, guya bu aksiyanın təşkili Müsavat Partiyasının lideri İsa Qəmbər və partiya başqanı Arif Hacılının göstərişi əsasında baş tutub.

Müsavat Partiyasının Divan üzvü, Təşkilat Komitəsinin müdiri Razim Əmiraslanlı isə AzNews.az- a açıqlamasında bununla bağlı deyilənlərin tamamilə yalan olduğunu deyib: "Müsavat Partiyası və onun rəhbərliyi heç bir rayon təşkilatına bununla bağlı göstəriş verməyib. Müsavat Partiyası qanunun aliliyini rəhbər tutur və konstitusiyaya uyğun olaraq fəaliyyət göstərir. Hər hansı bir etiraz aksiyası nəzərdə tutsaq öncədən icra orqanlarına qanuna uyğun olaraq müraciət edib və razılaşdırılmış aksiyaya keçiririk".

"Əgər doğrudan da partiya üzvü Vahid Əhmədov yalan məlumat yayıbsa, partiya onu cəzalandıracaqmı" sualına R.Əmiraslanının cavabı belə oluv: "Vahid Əhmədov Cəbrayıl rayon təşkilatının üzvüdür. Amma o, təşkilatı təmsil etmir. rayon təşkilatının sədri var. Məlumat partiya nizamnaməsinə uyğun olaraq araşdırılacaq. Əgər burda hər hansı nizamnamə pozuntusu aşkarlansa, Vahid Əhmədov cəzalanacaq və hətta o, partiyadan xaric oluna bilər".

Qeyd edək ki, yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılarılmışdı. Qurumun rəisi Seyfulla Əzimov Arif Hacılıya bildirmişdi ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. Seyfullah Əzimovbu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirmişdi.
Arif Hacılı isə ona cavab olaraq demişdi ki, Müsavat Partiyası hələki kütləvi aksiyalar barədə qərar verməyib.

Lalə
AzNews.az