“OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür“ - İlham Əliyev

21 Yanvar 2016 20:17 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Davos Forumu çərçivəsində keçirilən "The new energy equation" adlı paneldə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur.

"Dövlətlə şirkətlər arasında olan fərq budur. Biz sosial, sənaye infrastrukturuna, neft-qaz sahəsinə investisiya yatırmaq üçün istehsalın səviyyəsini eyni saxlamalıyıq. Bu, çox da uyğun vəziyyət olmasa da, Azərbaycan üçün islahatlara başlamaq baxımından yaxşı vaxtdır. Biz iqtisadi, maliyyə sahələrində, ixrac yönümlü qeyri neft sektorunun inkişafı istiqamətində fundamental islahatlara başlamışıq. Neft faktoru barədə düşünməməyə çalışırıq", - deyə o bildirib.

Prezident İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik".