Rusiya Ermənistana kredit verilməsini dayandırır

21 Yanvar 2016 20:59 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu sözləri Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryan deyib.

Onun sözlərinə görə, bu həmçinin silahlandırmaya və Atom Elektrik Stansiyasının modernləşdirilməsinə də aiddir.

Rusiyanın öz daxilində baş verən iqtisadi böhran prezident Vladimir Putini böyük qənaətlər etməyə sövq edir.


Rusiya maliyyə nazirinin müavini Serqey Storçak mətbuata açıqlamasında ölkəsinin müvəqqəti olaraq başqa dövlətlərə kredit verilməsini dayandırdığını deyib. Hökümət bunu büdcədə əlavə maliyyə vəsaitinin olmaması ilə izah edir. Rusiya Avrasiya İttifaqına daxil olan həmkarlarına milyonlarla dollar kredit verirdi. Belə dövlətlər arasında Ermənistanla yanaşı Belarus, Qırğızıstan da var idi.

Rusiyanın ayırdığı kreditlərə isə ən çox ehtiyacı olan Ermənistan idi. Rəsmi İrəvan hətta Rusiyaya güvənib havadan müdafiə sistemini birləşdirmək barədə müqavilə imzalayıb. Ermənistan bununla öz sərhədlərini kənar müdaxilələrdən qorumaq istəyir. Ötən il əldə olunan razılaşmaya əsasən Ermənistan Rusiyadan 200 milyon dollar kredit almalı idi. Həmin kreditlər Ermənistana silah şəklində veriləcəkdi. Ermənistan tərəfi isə aldığı bütün müasir silahları Azərbaycanla təmas xəttinə cəmləşdirir.

Rusiya və Ermənistan arasında 200 milyon dollar kreditin verilməsi ilə bağlı saziş imzalandıqdan sonra bildirildi ki, Rusiya Ermənistanı "İsgəndər-M" operativ-taktiki raketləri ilə təchiz edəcək və buna dair danışıqlar aparılır. "İsgəndər-M" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

Amma Ermənistan və Rusiya rəsmilərinin açıqlamalarından belə nəticəyə gəlmək olur ki, müasir silahların əldə edilməsi təxirə salınır. Kreditlərin verilməməsi təkcə Ermənistan ordusuna deyil, həm də iqtisadiyyatına da mənfi təsir göstərəcək. Çünki rəsmi İrəvan uzun illərdir ki, Rusiyanın maliyyə dəstəyi ilə büdcə xərclərini nizamlaya bilirdi.

Amma Ermənistanın Rusiyadan ümidini itirsə də, onun yeni gəlir mənbəyi və dayağı İran ola bilər. Hazırda İran üzərindən beynəlxalq sanksiyalar götürülür. Çox ehtimal ki, Ermənistan bundan sonra İranın ayırdığı kreditlər hesabına yoluna davam edəcək.