Arzu Əliyeva “Əbədi ezamiyyət“ filminin təqdimatında - FOTO

22 Yanvar 2016 21:39 (UTC+04:00)

Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat mərasimində iştirak edib.

AzNews.az azərtac-a istinadən xəbər verir ki, filmin nümayişindən əvvəl layihə haqqında söhbət açılıb. Bildirilib ki, "Əbədi ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və foto çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

"Qərib məzarlar" kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. "Əbədi ezamiyyət" sənədli filmi və "Qərib məzarlar" kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.

Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.

Vurğulanıb ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün kəşməkəşli bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də asan başa gəlməyib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində beynəlxalq aləmdə gedən qlobal proseslərə siyasi qiymət vermək məqsədilə Paris Sülh Konfransının çağırılması qərara alınıb.

Azərbaycan Xalq Cümhuriyyəti də xalqımızın milli dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat vermək, yeni dövlətin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırmaq, xüsusən Azərbaycanın müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədilə 1919-cu ilin yanvarında Paris Sülh Konfransına nümayəndə heyəti göndərib. Təxminən bir illik mübarizədən sonra Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib.

Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib və Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.

Heç kimə sirr deyil ki, 70 illik sovet dövründə Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti və onun xidmətləri barədə danışmaq yasaq olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu səhifəsi də araşdırılmağa başlayıb, hətta ağır bərpa-quruculuq işləri aparılan 1990-cı illərin əvvəllərində bu dövlətin müstəqilliyi uğrunda həyatını qurban verənlərin xidmətləri unudulmayıb.

Azərbaycan tarixinin yaşadılması, ölkəmizin tərənnümü, xeyirxah və humanitar layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan sənədli film və kitab-albom mühüm layihə kimi dəyərləndirilib.

Qeyd edilib ki, "Əbəbi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və "National Geographic" kanalı ilə 26 ölkədə nümayiş olunub.

Sonra film təqdim olunub.

Ekran əsərindən göründüyü kimi, Azərbaycanı Paris Sülh Konfransında təmsil edənlərin hamısı eyni tale yaşayıblar – yad ölkə, nisgilli ömür, qərib məzar... Ünvan Fransa kimi cəlbedici ölkə, Paris kimi gözəl şəhər olsa belə...

"Əbədi ezamiyyət" sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi kəşməkəşli tarixə qürur hissi ilə baxmağa imkan verir.

Bir saatadək davam edən film böyük maraqla izlənilib. Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.

Filmdə vurğulanır ki, bundan sonra Azərbaycan Respublikası Fransadakı istiqlal mücahidlərinin qərib məzarlarına sahib çıxıb. Eyni zamanda, illərdən bəri baxımsız qalan bu qəbirlərin itib-batmasının qarşısı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə alınıb.

Bu xeyirxah layihəyə dəstək verənlərə ancaq sonsuz minnətdarlıq, Fransadakı qərib məzarlarda uyuyanların ruhuna isə "Məkanınız cənnət olsun!" demək düşür.