Bakıda iki yolda sürət həddi azaldı

25 Yanvar 2016 16:30 (UTC+04:00)

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən (NİİM) AzNews.az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

"Hava şəraiti ilə bağlı olaraq Böyükşor - Heydər Əliyev beynəlxalq Hava limanı - Mərdəkan dairəsi - Bilgəh istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Heydər Əliyev beynəlxalq Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb", - deyə qurumdan bildirdilər.

NİİM-dən verilən məlumata görə, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.