““Şöhrət” ordeni aldığımı eşidəndə özümü saxlaya bilmədim...”- Aftandil İsrafilov (Fotolar)

26 Yanvar 2016 11:33 (UTC+04:00)

Dünən "Şöhrət" ordeninə layiq görülən, Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun AzNews.az-a müsahibəsi:



- Aftandil müəllim, sizi təbrik edirik, mükafatlarınızın siyahısına daha biri əlavə olundu-"Şöhrət" ordeni…

-Dünəndən telefonlarım susmur, zəng-zəngin arxasından gəlir. Xalq, dövlət məni sevir, hörmət edir. Mənim də xalqa, dövlətə sevgim sonsuzdur. Bir də sağ olsun facebooku yaradan, adi bir məlumat tez yayılır. İnanın facebooka yazanların sayı-hesabı yoxdur.

-Sənət adamlarının əksəriyyəti fəxri ad, orden və mükafat alacaqları haqqda əvvəlcədən məlumatlı olurlar. Siz necə, "Şöhrət" ordeni ilə təltif olunacağınızı bilirdiniz?

-1982-ci ildə Əməkdar artist, 1998-ci ildə də Xalq artisti fəxri adına, 2002-ci ildə isə mənə fərdi təqaüdə layiq görülmüşəm. Bunların hər ikisi Heydər Əliyev tərəfindən mənə verilib və heç birindən də xəbərim olmayıb. Dünən isə gözlənilmədən "Şöhrət" ordeni ilə təltif olundum. Dostumun yanında oturmuşdum, Azərbaycanın sayılıb-seçilən, nümunəvi oğlanlardan biri zəng elədi ki, "Aftandil, səni təbrik edirəm, "Şöhrət" ordeninə layiq görülmüsünüz". İnan sevincimin həddi-hüdudu olmadı. Sənətkar sənətinin bəhrəsini görəndə gözü yaşarır. Dünən mən bu hissi bir də yaşadım.Özümü saxlaya bilmədim, kövrəldim. Allah bu sevinci bütün sənət adamlarına yaşatsın.

-"Şöhrət" ordeninə təltif olunmağınız münasibəti ilə kimə minnətdarsınız: Sizi bu sənətə gətirənlərə, yoxsa qarmon musiqi alətinin yaradanlara?..

-Yox, sözsüz ki, ilk növbədə gənc olmağına baxmayaraq, Azərbaycanın fəxri, onu Azərbaycan kimi tanıtdıran, sevdirən, onu doğma vətəni kimi bağrına basan hörmətli prezidentimiz İlham Əliyevə. İlham Əliyevin diqqəti heç kimdən yayınmır. Buna görə mən ona minnətdaram. Ömür boyu da ona minnətdar olacam. Bizim ailəmiz də ona minnətdarlığını bildirir. Azərbaycan xalqına çox sağ ol deyirəm ki, məni bir sənətkar kimi həmişə ləyaqətlə qarşılayıb, hörmətlə yola salıb. Bu hörmət davam edir. Dünən mən AzTV-də qonaq idim, o zaman bu orden hələ icra olunmamışdı. Bilsəydim elə oradan bir başa minnətdarlıq edərdim.

-Uzun müddət bir yerdə, çiyin-çiyinə işlədiyiniz Xalq artisti Zeynəb Xanlarova sizi təbrik elədimi?

-Mən hər gün günorta vaxtı bir neçə saat istirahət edirəm. Yatdığım zaman telefonum sönülü olur. Yuxudan ayılanda evdə dedilər ki, "Aftandil evə zəng edib səni axtarıblar". Bilirdim ki, Zeynəb xanımdı. O heç zaman belə şeyi yaddan çıxarmaz. Zeynəb Xanlarova Azərbaycanın fəxri sənətkarıdır. İkinci bir Zeynəb xanım olmayacaq. O, Azərbaycanın təkrarolunmaz sənətkarıdır. Düzdür, onun mahnılarını ifa edirlər, amma Zeynəb Xanlarovanın özü kimi onu ifa eləmək qeyri-mümkündür. Biz Zeynəb Xanlarova ilə fəxr edirik. Nə yaxşı ki, bu dövlətin Zeynəb xanım kimi bir sənətkarı var. Zeynəb xanım özünü elə göstərdi ki, uşaqdan-böyüyə hamı onu sevdi. İstər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda elə biri tapılmaz ki, Zeynəb xanımı sevməsin, mahnılarını dinləməsin. Göstərin belə bir sənətkar ki, onu sevməyən birisi tapılsın?

-Bu ordenə layiq görülməyinizdə Zeynəb Xanlarovanın az da olsa rolu varmı?

-Yöx… "Şöhrət" ordenini mənim özümə veriblər. Mənim özümün göstəricilərim heç kimdən az olmayıb. Bunu hamı yaxşı bilir. Bütün dünyanı gəzmişəm. İki dəfə Zeynəb Xanlarova ilə gedəndə bir dəfə mənim özümü dəvət ediblər. 5 dəfə Amerikada, Yaponiyada olmuşam. Mən bu qarmon musiqi aləti ilə dünyanı dolaşdım. Bu qarmonu isə dünyada tanıtdıran mərhum prezident Heydər Əliyev olub. Dünyanın elə bir məkanı yoxdur ki, orada mənim qarmonum səslənməsin, yaxud da özüm orada olmayım. Sovet İttifaqının bütün şəhərlərində, hətta bölgələrində mənim çıxışlarım olub. Mənim ifamı Heydər Əliyev də çox sevirdi. O, hansı tədbirə gələrdisə, məni orada görən kimi "Aftandil sənin o "Kəmalə", "Zemfira", "Nazilə" rəqslərin var, onları ifa elə". "Nazilə" "Ad günü" filmində səsləndirilən musiqidir. O mənim musiqimdir. Amma Heydər Əliyev "Kəmalə" rəqsini çox sevirdi. Mənim bu xalqa yazdığım musiqilər çoxdur, hansı ki, onlar məndən sonra da cəmiyyətin, gələcək nəslin dilində olacaq.










Bahar RÜSTƏMLİ
Foto: Mahir Hüseynbəyli
AzNews.az