İlham Əliyev: “Dünya iqtisadiyyatı böhrandan çıxa bilmir”

26 Yanvar 2016 12:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 2014-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycan regionları sürətlə inkişaf etməlidir: "Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib".

Prezident bildirib ki, o qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alaraq, bunu bizim böyük uğurumuz adlandırmaq olar: "Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını , əmlaknı itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orda nələr gözləyir - hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir. Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalar arası dialoqun güclənməsində öz rolunu oynayır".