“Rusiya Avropa İttifaqının parçalanmasında maraqlı deyil” - Lavrov

26 Yanvar 2016 13:38 (UTC+04:00)
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Segey Lavrov 2015-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Hazırda Avropa İttifaqının həm inteqrasiya, həm də bir sıra digər məsələlərə üzrə vahid xəttinin necə çətin formalaşdığını görürük. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniyanın nə qədər mühüm rolu olduğunu da görürük. Həmçinin, Almaniyanın bütün Aİ ölkələrinin maraqlarını maksimal dərəcədə nəzərə almaq üçün necə səy göstərdiyini də görürük. Və bunu etmək getdikcə daha çətin olur", -deyə Lavrov qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya zəifləmiş Avropa İttifaqında maraqlı deyil: "Biz Avropa İttifaqının zəifləməsi, onda hansısa çatların əmələ gəlməsi, onun parçalanmasında maraqlı deyilik. Biz həm iqtisadiyyat, həm də bütün digər məsələlər üzrə rahat əməkdaşlıq edə biləcəyimiz vahid, güclü Avropa İttifaqında maraqlıyıq".

Rusiya xarici işlər naziri Avropa İttifaqı daxilində Rusiyaya qarşı olan azlığın mövcudluğunu da qeyd edib: "Lakin biz baş verənləri görməyə bilmərik. Avropa İttifaqı daxilində təkcə Rusiyaya deyil, həm də daxili quruluşun bir çox məsələlərinə qarşı mövcud olan fəal-aqressiv azlığı görürük. Almaniyanın fəal-aqressiv azlığın öz iştahı və ambisiyalarını azaltması və ümumi qaydalara əməl etməsi üçün səylərini qiymətləndiririk. Onlar isə Avropa İttifaqı ilə hər bir digər normal bərabərhüquqlu təşkilatda olduğu kimi konsensusda ola bilərlər".

Aydan AXUNDOVA