Ermənilərin AŞ PA-ya hazırladığı “Odundağ” oyunu – Nəylə nəticələnəcək?

26 Yanvar 2016 15:57 (UTC+04:00)

Məlumat nə qədər sevindirici olsa da, belə bir xəbərin ilk olaraq Ermənistan mətbuatı tərəfindən yayılması əlbəttə ki, sual yaradır. Məlumatın yayılması ilə Ermənistan tərəfi Azərbaycanı az qala Ermənistana hücumda ittiham edir.

Ermənistan hakimiyyətinin öz məğlubiyyətini bu formada dünyaya car çəkməsinin arxasında nə dayanır?

Hərbi ekspert Üzeyir Cəfərov məsələni AzNews.az-a şərh edib. Bildirib ki, "Odundağ" yüksəkliyi bir müddətdir ki, Azərbaycan ordusunun nəzarətinə keçib: "Lakin məlumatın məhz bu dövrdə, bu günlərdə yayılması təsadüf deyil. Bilirsiniz ki, dünəndən Strasburqda AŞ PA-nın sessiyası keçirilir. Orada Azərbaycanla bağlı 3 mühüm qərar qəbul olunmalıdır. Buraya Sərsəng su anbarı və Dilqəm və Şahbazın girovluqdan azad edilməsi məsələsi də daxildir. Erməni tərəfi də ustalıqla təxribat məqsədi ilə məhz dünən "Odundağ"la bağlı məlumatı gündəmə gətirib. Ermənistanın informasiyanı bu formada yayması və az qala Azərbaycanı hücumda ittiham etməsinin arxasında da qəbul olunacaq qərarlara təsir etmək cəhdləri dayanır".


Ekspert bütün bunlara baxmayaraq, milli ordunun sözügedən yüksəkliyi nəzarətə götürməsini düzgün addım hesab edir: "Çünki Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı həmin yüksəklik strateji əhəmiyyət daşıyır. Lakin bu o demək deyil ki, Azərbaycan Ermənistana hücum etmək niyyətindədir. Sadəcə rahatlıq nöqteyi-nəzərindən, öz vətəndaşlarımızın, ön xəttə dayanan əsgərlərimizin həyatını müdafiə məqsədilə əlbəttə ki, atılan addım doğru qiymətləndirilir. Sadəcə tək narahatlığımızın səbəbi bundan bizim əleyhimizə istifadə olunması cəhdləridir. Lakin bu barədə də düşünürəm ki, Müdafiə Nazirliyimiz və lazımi qurumlar məlumatın təxribat məqsədiylə yayılmasının qarşısını almaq üçün öz işlərini görüblər".

Ü.Cəfərov Azərbaycan mətbuat nümayəndələrini bu məsələdə çox həssas və diqqətli olmağa çağırıb: "Bildiyim qədərilə erməni mətbuatı və onların havadarları çox böyük hay-küy yaradıblar ki, guya Azərbaycan Ermənistana hücuma hazırlaşır. Bu da məkrli niyyətdən irəli gələn bir addımdır. Azərbaycan mətbuatı bu məsələlərdə bir az diqqətli olmalıdır.Düşmənin yaydığı hər xəbəri 100 dəfə ölçüb 1 dəfə biçməliyik. Bu xəbər əlbəttə ki, alqışlanası xəbərdir, amma onun ictimailəşdirilməsi baxımından bir az fərqli yanaşmaq olar. Çünki bu informasiyanın yayılması xeyirləri ilə yanaşı, bizə xeyli çətinliklər də yarada bilər".

Nigar ETİBAR
AzNews.az