Hər kəs öz “yastığının” altına baxsın

26 Yanvar 2016 16:31 (UTC+04:00)

Yaxud möhkəmləndirilən "tük" və "asılan" manat haqqında köşə

Son devalivasiyadan sonra ölkənin maliyyə, bank və iqtisadiyyat sektoruna cavabdeh olan yüksək rütbəli məmurların açıqlamalarını oxuyuram və onların yerinə utanmaq istəyirəm. Amma bacarmıram. Çünki utanılacaq davranışların, fəaliyyətlərin, yaxud fəaliyyətsizliklərin miqyası mənim utancaqlıqla bağlı təsəvvürlərimin sərhədlərini sonsuzadək aşıb keçir. Təəssüf ki, bu böyüklükdə yükün altına girmək "gücündə" və imkanında deyiləm. Yoxsa..., o qədər onun-bunun yükünün altına girmişik ki, sayı-hesabı yoxdur...

...Mətləbə yol almazdan öncə bir məqamı xüsusi vurğulamaq istəyirəm: Mənim üçün insanın zahiri görünüşü fundamental əhəmiyyət kəsb etmir. Lakin zövqün, geyimdə, saç düzümündə istifadə olunan hər hansı bir detalın, yaxud danışıq və ifadə tərzinin, jestlərin, mimikanın insan haqqında çox şey deyə biləcəyi qənaətindəyəm...

Kimsənin xətrinə dəyməmək üçün özümdən başlayacağam... Uzandığı zaman əlinə ilk dəfə kərənti alan birisinin tələm-tələsik biçdiyi ot sahəsini xatırladan seyrək saçımdan hər 2-3 gündən bir xilas olmağa çalışıram. Əslində 1-2 ay səbr eləsəm, bəlkə də "saçım hələ tökülməyib" təəssüratını yarada bilərəm. Amma buna ehtiyac duymuram. Ən azından özüm bilirəm ki, saçımın "qatarı çoxdan gedib". Buna görə də "burda saç var", "yaxud burda nə vaxtsa saç olub" və ya "burda saç ola bilərdi" xəyalına qapılıb nə özümü, nə də başqalarını aldatmağa çalışmıram... Yəni yoxdursa, deməli yoxdur. Bunu dərd eləməyə dəyməz...

...Ölkədə baş verən ilk devalivasiyaya qədər, daha doğrusu Mərkəzi Bankın sədri Elman Rüstəmovun "Forbes" jurnalına verdiyi məşhur müsahibəyədək hörmətli baş bankirin tüklərlə əbədi vidalaşmış başının alın nahiyəsinə yaxın hissəsində 2-3 ədəd tükü nə üçün saxladığını başa düşə bilmirdim. Amma bu müsahibədən keçən zaman ərzində, Elman müəllimin bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən açıqlamaları ilə tanış olduqca, bu 2-3 ədəd tükün iqtisadi və bəlkə də fəlsəfi mahiyyətini anlamağa başladım. Anladım ki, son 2-3 il ərzində manatın taleyi bu "tüklərdən" asılı qalıb. Mərkəzi Bankın sədri isə manatı möhkəmləndirilmək əvəzinə manatın asılı qaldığı "tükləri" qorumaqla məşğul olub. Hörmətli baş bankirin açıqlamalarında yer alan ziddiyyətlər - devalivayasiyanın olacağı, yaxud olmayacağı, manatın üzəcəyi və ya üzməyəcəyi, yeriyəcəyi, yerində qalacağı, atılıb-düşəcəyi... barədə bir-birini təkzib edən mülahizələri də çox güman ki, elə buradan qaynaqlanıb. Yəni, milli valyutamızla bağlı yaranmış bütün problemlərin əsasında o məlum... 2-3 ədəd "tük" dayanır...

Elman Rüstəmovun son açıqlamasını oxuduqdan sonra zövqlə bağlı qənaətimin doğruluğuna bir daha əmin oldum. Hörmətli Elman müəllim deyir ki, "dollarla kredit götürənlərə güzəştlərin edilməsi maliyyə intizamını poza bilər".

Maraqlıdır, necə olur ki, uzun illər boyu milli valyutanın məzənnəsinin bazar iqtisadiyyatının ən adi, ən bəsit tələblərinə uyğun olaraq formalaşdırılması prinsipinə əməl olunmur və bu hal maliyyə intizamını alt-üst etmir, amma əhaliyə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinə zidd olaraq xarici valyuta ilə verilən kredlərə görə ölkə vətəndaşlarına güzəştlərin edilməsi maliyyə intizamını pozur? Konstitusiyanın 19-cu maddəsinin 3-cü bəndində açıq və imperativ şəkildə bildirilir ki, "Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır".

Nə üçün yaranmış vəziyyətə görə, Konstitusiyanın tələbinə əməl etməyən Mərkəzi Bank və onun icazəsi ilə dollarla kredit verən banklar deyil, vətəndaş məsuliyyət daşımalıdır? Bu nə məntiqdir?

Əgər bu məntiqdən və öncə Mərkəzi Bankın sədri Elman Rüstəmovun, daha sonra isə maliyyə naziri Samir Şərifovun "yastıq altında saxlanılan" pullarla bağlı açıqlamalarından çıxış etsək, o zaman dollarla verilən kreditlərlə bağlı problemi qısa bir zaman ərzində həll etmək olar...

Bunun üçün ilk növbədə hər kəs öz "yastığının" altına baxmalıdır...

P.S. Onsuz da son günlər məsləhət verənlərin sayı artıb... Birini də mən verdim. Xeyirli olsun...