Azərbaycanın xeyrinə olan sənəd niyə qəbul edilmədi? – 3 vacib amil

26 Yanvar 2016 18:12 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Elman Nəsirov AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədinin qəbul edilməməsinə münasibətində bildirib. O, bu sənədin qəbul olunmamasının üç başlıca amillə bağlı olduğunu söyləyib: "Birinci amil ASPA-nın özündə ermənipərəst qüvvələrin tutduğu qərəzli mövqeyidir. Onlar heç bir halda Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı rayonlarında vəziyyətin gərginləşməsi ilə bağlı qətnamənin qəbulunu istəməyiblər. Çünki bu qətnamədə Ermənistan işğalçı dövlət kimi təqdim olunub. Buna görə də ermənipərəst qüvvələr ASPA cəmləşmiş və onun daha geniş maraqlarına deyil, məhz dar erməni maraqlarına xidmət edən qüvvələrin qərəzli mövqeyi ucbatından qəbul edilmədi. İkinci amil Ermənistan dövləti ilə bağlıdır. Ermənistan prezidenti bu yaxınlarda dünyadakı bütün erməni, xüsusilə də Avropada olan erməni lobbisinə müraciət etdi ki, bu qətnamənin qəbulunun baş tutmaması üçün bütün ciddi-cəhdlə çalışmaq lazımdır. Bunun üçün bütün imkanlarını işə saldı. Bütün imkanların içində maliyyə də yer almışdı. Bu isə eyni zamanda korrupsiya məsələsidir. Hesab edirəm ki, bu qətnamənin qəbul edilməməsində Ermənistan dövlətinin rəhbərliyinin məlum çağırışı və korrupsiya məsələləri öz rolunu oynayıb. Üçüncü amil isə ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Çünki bu qətnamə müzakirə olunmamışdan öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri belə bir bəyanatla çıxış etmişdilər ki, münaqişənin həllini ATƏT-in Minsk Qrupu həyata keçirsin. Elə buna görə də digər qurumların, o cümlədən ASPA-nın da hər hansı bir qətnamə qəbul edilərkən mütləq ATƏT-in Minsk Qrupunun rəyi nəzərə alınmalı və onunla məsləhətləşməlidirlər. Onların bu oyuna qarışması qəbuledilməzdir".

E.Nəsirli vurğulayıb ki, Azərbaycan tərəfi bundan sonra məlum qətnamənin və eləcədə başqa sənədlərin qəbulu istiqamətində daha ciddi səylər göstərəcəyinə inanır.

Qeyd edək ki, Strasburqda AŞPA-nın sessiyasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsi olub. AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" ölkəmiz üçün çox vacib sənədi qəbul edilməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az