Məmurlar gəlirlərini açıqlayacaq - Nazirlər kabinetinin sənədi hazırdır

27 Yanvar 2016 11:52 (UTC+04:00)

2005-ci ildə qəbul edilmiş "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" qanun tətbiq edilməyə başlayarsa, bu, ilk öncə ölkədən kənara valyuta axınını xeyli dayandıra bilər.

Hər halda, azərbaycanlıların əmlak aldığı ölkələrin reyestr xidmətlərindən məlumat almaq elə də çətin deyil - son günlərdə bəzi məmurların xaricdə əmlak alması barədə ölkə mətbuatına sızan materiallar bunu bir daha sübut etdi. Qanunun tətbiqi bu cür informasiyalar əsasında xüsusi istintaq təhqiqatı aparmağa şərait yaradar ki, bu, əlində gizli pulları olan digər məmurları bu addımı atmaqdan çəkindirə bilər.

Məmurlar ailə üzvlərinin də adına əmlak ala bilməzlər. Çünki qanun tətbiq edilməyə başladıqdan sonra məmurların ailə üzvləri də gəlirlərini bəyan etməli olacaqlar.

Gəlir bəyannaməsi dedikdə, dövlət məmurunun özünün və ailə üzvlərinin illik gəliri barədə rəsmi orqanlara təqdim etdiyi sənəd nəzərdə tutulur. Bu günə kimi bu sənədi yalnız fiziki və hüquq şəxslər təqdim edir. İnkişaf etmiş ölkələrdə dövlət məmurları da məcburi gəlir bəyannaməsi təqdim etməyə borcludurlar.

2005-ci ildə Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında" qanunda məmurların və ailə üzvlərinin gəlirlərlə bərabər, həm də xərclərinin bəyan edilməsi nəzərdə tutulub. Qanunun layihə şəklində işlənərək parlamentə təqdim olunmasında əməyi keçənlərdən biri - Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev müsahibəsində bu addımın mərhum prezident Heydər Əliyevin göstərişi ilə atıldığını bildirir:

"Mərhum Heydər Əliyev hələ 1999-cu ildə belə bir qanun layihəsi hazırlamağa göstəriş verəndə gəlirlərlə yanaşı xərclər barədə də bəyannamələrin verilməsini vacib gördü. Bu məsələni ilk dəfə 1930-cu illərdə prezident Franklin Ruzvelt ABŞ-da tətbiq edib. Həmin vaxt o gəlirlərlə birlikdə, xərclərin də bəyan edilməsini tələb edirdi".


Oqtay Haqverdiyev 1990-cı illərin sonlarında Azərbaycanda korrupsiyanın vəziyyəti barədə 44 səhifəlik proqram layihəsi hazırlayıb və proqramda bəndlərin biri gəlirlərin bəyan olunmasına həsr edilmişdi. 2002-ci ildə korrupsiyaya qarşı mübarizə haqqında fərman imzalanıb və Nazirlər Kabinetinə qanunun hazırlanması haqda tapşırıq verilmişdi. Qanun 2005-ci ildə qəbul edildi. Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində bəyannamənin forması və təqdim edilmə qaydalarının hazırlanması tapşırıldı.

Bəyannamə forması uzun müddət hazırlana bilmədi və ekspertlər bu məsələdə əsas problemin maliyyə amnistisiyasının tətbiqi ilə bağlı olduğunu bildirirdilər. Onların fikrincə, maliyyə amnistisiyasının tətbiqi bütün vəzifəli şəxslərə öz gəlirlərini leqallaşdırmaq imkanı verər. Nəticədə, iqtisadiyyata investisiyalar artar, yeni iş yerləri açılar, əmlaklar leqallaşar və təbii ki, ölkə üzrə vergi bazası da genişlənər.

Bu məsələdə ekspertlərin fikirləri haçalanırdı. Məsələn, Oqtay Haqverdiyevin fikrincə, maliyyə amnistiyasının məmurların əmlakına heç bir dəxli yoxdur: "Bunu adətən ölkədən nə vaxtsa xaricə çıxarılmış kapitalla bağlı tətbiq edirlər. Yəni kimlərsə nə vaxtsa qeyri-leqal yolla qazandığı və xaricə çıxardığı vəsaitləri ölkəyə qaytarmağa qorxursa, ona amnistiya verilməlidir. Gəlir bəyannamələrinin tətbiqi məhz əmlak və ya bahalı avadanlıq alınması yolu ilə ölkədən xaricə pul çıxarmağa mane olacaq".

Nazirlər Kabinetinin sabiq şöbə müdiri artıq bu məsələdə konsensus əldə edildiyini vurğulayır: "Məndə olan məlumata görə, bəyannamənin forması artıq hazırdır. Qalıb bunu həyata keçirmək".



Yəni bu məsələdə siyasi iradəyə ehtiyac var və artıq bir neçə postsovet ölkəsində bu addım atılıb. Məsələn, Rusiyada 2013-cü il yanvarın 1-dən dövlət (bələdiyyə) təşkilatlarının rəhbərləri gəlirləri, əmlak və əmlak xarakterli öhdəlikləri, həyat yoldaşları və həmçinin həddi-büluğa çatmamış övladlarının əmlak və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar bəyan edilir. Ukraynada isə 2015-ci ildə 200 minə yaxın məmur gəlirlərini və xərclərini bəyan etməyə məcbur edilib.

Azərbaycan da bu addımı atmağa məcburdur. Çünki iqtisadiyyatını 20 il sonra baş verəcək neftdən sonrakı dövrə hazırlayan Azərbaycanın neftin kəskin ucuzlaşması qəfil yaxaladı. Bu isə bütün resursların Azərbaycana cəlb edilərək manatın möhkəmləndirilməsinə xidmət etdirilməsini vacib edir.

anspress.com