Yeni nazirdən - Təyinat

27 Yanvar 2016 14:05 (UTC+04:00)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə əvvəllər Azeronline şirkətinin baş meneceri vəzifəsində çalışan Leyla Məmmədova bundan sonra AzİnTelecom-un Baş direktorunun səlahiyyətlərini icra edəcək. Qeyd edək ki, Azeronline Azercell MMC strukturuna daxil olan provayderdir.

Xeberler.az-ın məlumat verdiyi kimi, AzİnTelecom MMC ötən ilin iyul ayında RYTN tabeliyində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin təşkilati -hüquqi formasının dəyişdirilməsi ilə yaradılıb.

AzİnTelecm MMC-nin sabiq Baş direktoru Cəlil Cəfərov isə ""MTN işi" ilə bağlı hadisələrdən sonra mənimsəmə və israfetmə (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək həbs edilib.

Xeberler.az-ın məlumatına görə, Beynəlxalq Hesablaşma Mərkəzi (BƏHM) 1994-cü ildə Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikanın ilk müstəqil qurumu olaraq Aztelekom İB-nin tərkibində struktur vahidi kimi yaradılıb.

2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdi. 2015-ci ildən AzİnTecom MMC olaraq fəaliyyət göstərir.

Qurum əsasən Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılmasını təşkil edir.

Xeberler.az