Müəllimlərin çıxmadığı hoqqa

27 Yanvar 2016 15:37 (UTC+04:00)
Görəsən, niyə tez-tez deyirlər ki, "müəllim" sözü hər şeydən ucada dayanır? Yalandı axı. Müəllim peşəsi müqəddəsdi, müəllim ikinci atadı, anadı... Belə sözlərlə qulaqlarımız dopdoludu. Hər yerə yazıb yapışdırıblar, az qala tualetin də qapısına vursunlar. Adamı lap iyrəndirirlər. Müəllim haqqında kimlər fikir deməyib? Napaleondan tutmuş Vüqar Əhmədə kimi hərənin bu mövzuda öz aforizimi var, hamısı da boş və məzmunsuz fikirlər...

Kitabımızın birinci səhifəsinə yapışdırılan "Ey hörmətli müəllim" şeiri isə ümumiyyətlə, ölkə ucuna qoyulası deyil. Neçə-neçə şagirdi aldatdığına görə bu şeirə ölüm hökmü kəsilməlidi. Bu şeir vətən xaini elan olunub güllələnməlidi. Çünki hər yeni nəsil bu şeirin pafosuna aldanır. Ən dəhşətlisi isə odur ki, bu şeirlə formalaşan insana sonralar heç Dostoyevski də təsir göstərə bilmir.

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var...

Əkdiyin ağacların,
Gülü-çiçəyi solmaz,
Dünyada sənin kimi,
Barlı həyat tapılmaz...

Bu şeirin bətnində İŞİD psixologiyası yatır. Bu şeirdən analiz götürsən, məlum olar ki, nə qədər qatillər uşaq vaxtı bu şeiri seviblər, hər yerdə əzbər deyiblər. Bu şeiri tənqid elədiyimə görə mən xeyli söyüləcəm, hətta döyülə də bilərəm. Bilirəm ki, bir müddət yolda qorxa-qorxa gəzəcəm. Niyə belədi? Çünki şeir yalandı, pafosdu. Bu şeirin mənasızılığından böyük bir dissertasiya işi yazmaq olar.

Bəs bu günün həqiqəti nədi? Azdan-çoxdan ömür yaşamışam, orta məktəbdə oxumuşam, universitet qurtarmışam, ayrı-ayrı kurslara getmişəm, həyatım boyu qarşıma düz-əməlli müəllim çıxmayıb. Heç bir müəllimimin mənim könlümdə yeri yoxdu. Özümü heç bir müəllimin meyvəsi hesab eləmirəm, çünki heç birini ağac əkən görmədim.

Bu gün bizim müəllimlərimiz ağac əkməklə deyil, budaq sındırmaqla məşğuldular. Buna görə də bütün müəllimlərim yaddaşımda pis şeylərlə qaldı... 8 Martda sinif uşaqları pul yığırdı. Pul vermədiyimə görə mənim saçımdan tutub sinfin gözü qabağında başımı divara vuran müəllimi bu gün necə xatırlayım?

Son zəngdə pul yığırdılar. Sinfimizdə kasıb bir oğlan vardı. Özü də atası Qarabağda şəhid olmuşdu. Pul verməmişdi deyə sinif rəhbərinin qorxusundan restorana gəlmədi. Bu müəllimi mən necə yada salım?

Dindirsən, nə qədər insanların yaddaşında belə müəllimlər var... Bu gün müəllimlər orta məktəbdə dərs demir, elə bil ərinirlər. Şagirdə deyir, həftədə iki dəfə evimə gəl, səni öyrədim, ayda da mənə 100 manat pul ver... Yaşım az olsa da, başım çox çəkib.
Gözümün qabağında rüşvət alan müəllim tanıyıram. Həmişə lətifə kimi xatırlayıb güldüyüm bir hadisə yadımdan çıxmır. Bir müəllimim rüşvət aldığı tələbəni çaşıb kəsmişdi. Əvvəlcə elə bildi ki, pul verməyib. Tələbə işin üstündə möhkəm dayanandan sonra professor kənara çəkilib cibindən bir siyahı çıxardı. Əmin olanda ki, pul verib, sonra tələbənin üzünə necə hırıldayıb üzr istədi.

Dəhşətli bir mənzərə idi, özü də 63 yaşı vardı... Peyğəmbər bu yaşda ölmüşdü.

Peyğəmbər yaşına çatmış başqa bir müəllimim isə imtahan qabağında oturan tələbənin pul verən, yoxsa pul verməyən olub-olmadığını dəqiqləşdirmək üçün tez-tez eynəyini gözünə taxıb gözümüzün içinə baxırdı. O heç olmasa, bu yaxınlarda dünyasını dəyişdi, amma siyahısına baxıb tələbəsindən üzr istəyən professor hələdə yaşayır... Həyat necə kədərlidi.

Bəs mən necə eləyim, bütün bunları xatırlamayımmı, unudum getsinmi?

Müəllimlər rüşvət alır, şagird döyür, deputat seçirlər... Daha çıxmadıqları hoqqa qalmayıb.

Bəs bu peşənin nəyi müqəddəs oldu? Deyin, nəyi?