224 nəfərin öldüyü terrorun təfərrüatları – Hava limanının əməkdaşı törədib

28 Yanvar 2016 14:16 (UTC+04:00)
AzNews.az LifeNews agentliyinə istinadən xəbər verir ki, Misir hüquq-mühafizə və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının apardığı birgə araşdırma nəticəsində A321 təyyarəsinin göyərtəsində terror aktını təşkil edən bir neçə nəfərin kimliyini müəyyən etmək mümkün olub.

Məlumata görə, hazırda ən az 6 nəfər axtarışdadır. Onlar arasında partlayıcı qurğunu laynerin göyərtəsinə keçirən bilavasitə icraçı da var.

Xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən müəyyən olunub ki, A321 təyyarəsinə qurğunu yerləşdirən şəxs Şarm-əl-Şeyx hava limanının əməkdaşı olub. O, hadisədən bir müddət öncə burada işə düzəlib. Müsahibə zamanı terrorçu dərhal malyükləyən vəzifəsinə iddia edib. Nəticədə ona sərnişinlərin yüklərini təyyarəyə yükləmək tapşırılıb.

Məlumata görə, təxminən 9 kilometr yüksəklikdə partlayan bomba təyyarənin yük yerində olub və partlayıcı qurğu çantaya yerləşdirilməyib. Böyük gücə malik partlayıcı kiçik bir paketə bükülü olub. Terrorçu bombanı təyyarənin göyərtəsinə yerləşdirdikdən sonra hava limanını tərk edib. Bir müddət sonra o, Misir hüdudlarından çıxıb.

Əldə olunan məlumata görə, terrorçunun ən son Türkiyədə olduğu qeydə alınıb. İcraçıyla yanaşı onun 5 əlbiri də axtarılır.

Xatırladaq ki, A321 təyyarəsi ötən il oktyabrın 21-də terror aktı nəticəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217-si sərnişin olmaqla 224 nəfər olub. Laynerdə olan 20-dən çox uşaqdan ən kiçiyi 10 aylıq olub. Təyyarənin göyərtəsində olan heç kəs sağ qalmayıb.

Aydan AXUNDOVA