Rusiya silah satışı gəlirindən məhrum olur

5 Noyabr 2012 15:20 (UTC+04:00)
Rusiyanın XİN başçısı Qərbi Suriya məsələsində kəskin ittiham etməklə yanaşı, ilin sonuna kimi Moskvada Ərəb Liqası dövlətlərinin XİN-ləri səviyyəsində müzakirə aparacaqlarını deyib. AzNews.az-a Rusiyanın narahatlığının səbəblərini şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Kreml Suriyada proseslərin başa çatması ilə son plasdarmını əldən verəcək.

Onun sözlərinə görə, Rusiya sovetlər birliyi dönəmindən Suriya ilə sıx münasibətlərdə olub və bütün dövrlərdə bu ölkəyə silah satıblar. Həmçinin də Rusiyanın yeganə hərbi bazası da Yaxın Şərqdə Suriyadadır: "Rusiyadakı dairələr qorxurlar ki, Əsəd rejimi hakimiyyətdən gedərsə, iqtidara gələcək yeni qüvvələr Qərblə əməkdaşlığa daha çox üstünlük verəcək. Həqiqətən də bu, belə olacaq. Çünki hazırkı Suriya müxalifəti daha çox Qərbdən dəstək, silah, yardım alır, Rusiya ilə münasibətlər normal deyil. Bu Liviyada da belə oldu və Qəddafi dövründə Rusiya ilə münasibətlər normal olsa da, ondan sonra hakimiyyətə gələn qüvvələr daha çox Qərblə əməkdaşlığa üstünlük verdilər".

Bu gün Liviyanın enerji yataqlarının istismarında, nəqlində Qərb şirkətlərinin önəmli rol oynadıqlarını vurğulayan E.Şahinoğlu qeyd edib ki, gələcəkdə Suriyada da belə olacaq: "Ona görə də Rusiya bu prosesi əngəlləmək üçün Əsəd rejimini dəstəkləməyə çalışır. Amma düşünmürəm ki, Rusiyanın bu dəstəyi Əsədin hakimiyyətdən gedişindən sonra da olacaq".

"Rusiyanın həyəcanının arxasında proseslərin sonrakı mərhələsinin bu ölkədə cərəyan edəcəyi dayanmır ki"- sualına gəlincə, politoloq buna o qədər də əmin deyil. Onun fikrincə, bundan daha çox İran narahat ola bilər: "Həqiqətən də proseslərin sonrakı mərhələsi İranda baş tuta və ondan rəsmi Tehran qorxa bilər. Onsuz da Rusiyada həqiqətən avtoritar rejim hökm sürür. Bu ölkə daxilində onsuz da proseslər getməkdədir. Getdikcə müxalifət daha da fəallaşır, Putinə rəğbət əvvəlki qədər yüksək deyil. Hakimiyyətin içərisində müəyyən qədər qarşıdurmalar var. Medvedevələ fikir ayrılıqları da zaman-zaman ortaya çıxır. Şübhəsiz, Rusiyanın daxilində kifayət qədər problemlər var. Amma bunlar Yaxın Şərq məsələsi ilə bağlı da deyil".

Gültəkin Qəhrəmanlı
AzNews.az