Hər 10 adamdan biri “onlaynda oturur” - Sorğu

28 Yanvar 2016 17:06 (UTC+04:00)
Novator.az xəbər verir ki, bunu Rusiya İctimai Rəy Fondunun keçirdiyi sorğu göstərib.

Sorğunun nəticəsi yanvarın 28-də açıqlanıb. Nəticələrə görə, Rusiyada hər gün sosial şəbəkələrə daxil olanların 80%-dən çoxu gənclərdir. Bu ölkədə hər 10 nəfərdən biri daima şəbəkədə olur, yəni həmişə "onlaynda oturur".

Sorğuda iştirak edən respondentlərin 24%-i "Vkontakte", 16%-i "Odnoklassniki", 3%-i "Facebook" şəbəkəsindən istifadə etdiyini söyləyib. İctimai Rəy Fondunun sorğusuna görə, "Vkontakte" və "Facebook"dan ən çox 18-29 yaş arası gənclər, "Odnoklassniki"dən isə yaşı 30-u keçənlər istifadə edir.

Sorğuya cəlb olunanların yarıdan çoxu sosial şəbəkələrdən ünsiyyət saxlamaq, qalanı isə xəbərləri, KİV materiallarını izləmək üçün istifadə etdiyini bildirib.

İctimai Rəy Fondu sorğusunu bu il yanvarın 15-19-da, ölkənin 104 yaşayış məntəqəsində 1000 nəfərə yaxın internet istifadəçisi arasında aparıb.