“O aptek sahiblərinin hamısı cəzalandırılacaq“ - Ekspert

29 Yanvar 2016 12:41 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Tibb elmlər doktoru, professor Adil Qeybulla "Avis" Tibbi Marketlər şəbəkəsinin direktoru Elmir Məhərovun həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu şirkətin aptekləri kifayət qədər təhcizatlanmış və səliqəli idi:
"Bundan əlavə dərman preparatlarının üstündə ciddi nəzarət vardı. Qiymətlərinə gəldikdə isə başqa apteklərlə müqayisədə fərq böyük idi. Görünür Tarif Şurası bu fərqi diqqətdə saxlayıb. Əhalinin narazılığı var, qiymətlər vətəndaşları qıcıqlandırır. Dövlət də müəyyən qədər tədbirlər görmək məcburiyyətindədir".

A.Qeybulla hesab edir ki, ikinci devalvasiyadan sonra süni qiymət artımı dərmanlarda özünü daha çox büruzə verdi: "Tarif Şurası da məcbur olub məsələyə müdaxilə etdi. Şuranın qanunlarına məhəl qoymayan apteklər cəzalanacaq. Proses bundan ibarətdir".

A.Qeybulla onu da əlavə edib ki, başqa apteklər şəbəkələri bundan nəticə çıxaracaq: "Dərmanların qiymətini süni yolla qaldıran bütün apteklər Tarif Şurasının qoyduğu qiymətlərlə hesablaşacaqlar".

Qeyd edək ki, bu gün "Avis" Tibbi Marketlər şəbəkəsinin direktoru Elmir Məhərov həbs olunub. O, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az