Vaqifi ölüm günündə “çarmıxa” çəkdilər – Qadın, kef məclisləri, mandat...

29 Yanvar 2016 14:48 (UTC+04:00)

AzNews.az-ın sorğusunda Vaqif Səmədoğlu haqqında fikirləri birmənalı olmadı.

Şərif Ağayar:



"Vaqif Səmədoğlu mənə görə xeyli ziddiyyətli adamdı. Bir çoxları kimi onu başdan-ayağa səmimi şair və səmimi adam hesab eləmirəm. Ancaq təbii ki, yeni dövr şeirimizin ciddi imzalarından biridir. Balaca nəfəsi var, amma orijinaldır, bənzərsizidir. Xüsusən Azərbaycan üçün. Nədən ki, bizdə şeir daha çox pafos və ritorikadan ibarət olub. Vətən belə, millət belə...
Vaqif Səmədoğlu ədəbiyyatdakı tamada boşboğazlığını ciddi şəkildə alt-üst edən adam idi. Onun sükutu və sakitliyi çox çığırtıları batırmaq gücündə idi. Bu o demək deyildi ki, Vaqif çox güclü idi, sadəcə mühit mütaliəsiz, ciddi şeirdən və ciddi sənətdən bixəbər əyalət şairləri və düşük qəzəlxanlarla dolub-daşırdı. Yeni söz oksigen balışı kimi gəlirdi adama. Belə bir şəraitdə Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə üçlüyü seçilməli idi, seçildi də.
Vaqif müəllim həm də qəribə həyat yaşamışdı. Səməd Vurğunun oğlu, ağıl dispanseri, eşqlər, yeyib-içmək məclisləri, musiqi, deputat mandatı və s. Bütün bu ziqzaqlı, ziddiyyətli həyatın içində, əyyaşlığa yaxın bir ömrün düz ortasında sənətlə bağlı ciddi intellektə yiyələnməsi onun ən böyük qələbəsi oldu. Yaza da bilirdi, inandıra da bilirdi. Fəxri Xiyabandakı qəbrinə bir cüt ayaqqabı abidəsi qoyduracaq qədər adamları öz sehrina salmağı bacardı. Bu ovsundan çıxıb, "Ay balam, axı bu xiyabana ayaqyalın adam buraxmazlar" – deyən tapılmadı. Sənət həm də inandıra bilməkdi. Ən çox da gənc və emosional qadınları... Bütün bu mənzərələrin arxasından Vaqif müəllimin bığaltı şirin-şirin qımışdığını hiss edirəm".


Aqşin Yenisey:




"Vaqif Səmədoğlu ilə bizim dostluğumuzun tarixi elə də uzun olmadı. Amma bu qısa müddətdə mən Şoloxovdan tutmuş Mircəfər Bağırova qədər bütün sovet ədəbiyyatının sənədli arxivi ilə tanış oldum. Mən indi həm də Şoloxova qonaqlıq verən Səməd Vurğunu, Səməd Vurğuna yuxarıdan aşağı baxan Üzeyir Hacıbəyovu tanıyıram və buna görə Vaqif Səmədoğlu ilə dostluğumuza borcluyam. Onun xatirələri mənim üçün bir əsr haqqında çox ciddi mənbədir. Başqa cavan şairləri deyə bilmərəm, amma mənə elə gəlir ki, Vaqif Səmədoğlu mənə öz poeziyasını, yəni yazdıqlarını deyil, öz xatirələrini, yəni yaza bilmədiklərini miras qoyub getdi".


Xanəmir Telmanoğlu:



"Vaqif Səmədoğlu son yarım əsr şeirimizin seçilən, sayılan və özəlliklə misralarında şüuraltı olaraq nədənsə Şimalı özləyən şairimizdir. Bu gün şeir yazan "imzası istedadlı deyə" təqdim olunan şairlərimizin əksəriyyəti Vaqif Səmədoğlunun yolunda gözükölgəli də olsa, yürüməyindədi. Ona nə qədər sayğım, sevgim olmasına baxmayaraq, nəyə görəsə ciddi bir şair kimi yanaşa bilməmişəm. Üzr istəyirəm, bir az mənə Vaqifin şeirləri bic uşağı xatırladır. Böyük mənada həm də kimliyi görünmür bu şeirlərin mənim üçün. Vaqifin və bir neçə şairlərimizin yaradıcılığı haqqında bəzi mətləbləri deməyin zamanı gəlmədiyi qənaətindəyəm".


Elnur Astanbəyli:



"Mən kimliyindən asılı olmayaraq istənilən qələm adamını (hətta o hər nə qədər ədəbi meyarlar, bədii zövq və estetika baxımından bir oxucu kimi, mənim şairim, mənim yazım olmasa belə!) həyatı ilə yaradıcılığını birləşdirə, bütünləşdirə bilmək bacarığına görə dəyərləndirirəm. Bu mənada Vaqif Səmədoğlu mənim yadımda deputat mandatına görə ideoloji kimliyindən imtina etmiş biri kimi qalacaq".


Cəlil Cavanşir:



"Dünyasını dəyişmiş dostları, doğmaları xatırlamaq mənim üçün çox çətindir. Tofiq Abdini, Rafiq Tağını, Zərdüşt Şəfini, Elçin Səlcuqu xatırlayanda özümdən asılı olmadan qəhərlənirəm. Vaqif Səmədoğlu ilə aramızda yarım əsr yaş fərqi olsa da, onu öz dostum, doğmam hesab edirdim.
Ümumiyyətlə, Vaqif Səmədoğlu ilə, ünsiyyətimiz yaxşı alındı, getdikcə dərinləşdi. Müxtəlif təbirlərdə, məclislərdə qarşılaşanda elə mehriban, elə istiqanlı davranırdı ki, bəzən bu səmimiyyətdən sıxılırdım, utanırdım. Şeirlərini hər zaman sevərək oxumuşam. Mənim ruhuma ən yaxın şairlərdəndir Vaqif Səmədoğlu. Onun ölümə, sevgiyə, Allaha münasibəti mənim üçün həmişə maraqlı olub.
Onun bir özəlliyi daha çox diqqətimi çəkib hər zaman. Vaqif Səmədoğlu heç vaxt atası Səməd Vurğunun kor-koranə təbliğatı ilə məşğul olmur, onu tənqid edənlərə qisasçılıq hissi ilə yanaşmırdı. Siyasi mövqeyi, ictimai fəallığı da digər yaşıdlarından, vəzifədə olan dostlarından fərqlənirdi. Çoxlarına əl tutur, dayaq dururdu. O, Müsavat Partiyasının üzvü olanda da, partiyanın qərarını pozub parlamentə getdiyi üçün partiyadan xaric ediləndə də, xəstəliklə əlləşdiyi vaxtlarda da birsifətli idi. İmkan daxilində hamıya kömək edir, xüsusən gənclərə xüsusi qayğısı ilə seçilirdi. Ədəbiyyatımızda, şəxsi həyatımızda yeri hər zaman görünən böyük sənətkar idi Vaqif Səmədoğlu. Onu şəxsən tanıdığım, ünsiyyətdə olduğum üçün özümü çox şanslı sayıram. Çünki bir neçə il ərzində ondan çox şey öyrəndim".


Fərid Hüseyn:



"Vaqif Səmədoğlunun poeziyamıza arzuolunan keyfiyyətlər qazandırması, hər cəhətdən görünən üstünlükləri haqqında uzun-uzadı danışmaq çətin deyil. Ancaq bəzi məqamlar var ki, məhz həmin məqamlara "izləyici işıq" salmaq fikrindəyəm. Onun bəzi şeirləri Minimalist poeziyamızın bir ayrı səhifəsidir. Vaqif Səmədoğlu böyük fikirləri az sözlə ifadə etməyin ustası idi. Ənənə ilə müasirlik onun şeirlərində bir-birinə yad görünmürdü. Poetik yenilikləri uzunömürlülüyə hesablanıb. Vaqif Səmədoğlu özünəqədərki sərbəst şeirin səslənişini, qafiyə lüğətini dəyişdi. Özünəqədərki poeziyada şeirə "yad mövzular" şeirləşdi. Poeziyamızın səmimiyyət arealı genişləndi".

AzNews.az