- Paytaxt
- 10 Dekabr 2020 21:54
- 2 776
Azərbaycan Prezidenti: "Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaqdır"
Türkiyə xalqına dərin təşəkkürümü bildirmək istəyirəm
"Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz, sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik, Minsk üçlüyündən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu, olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti davam edirdi, status-kvo davam edirdi. Biz bu status-kvonu hərb yolu ilə dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik. Amma ondan sonra nə etdik? Ondan sonra söylədik ki, biz işbirliyinə hazırıq. Biz yeni bir işbirliyi formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik".
AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Azərbaycan Prezidenti deyib:
"Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların inkişafı ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq. Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaqdır. Əminəm ki, türk qardaşlarımızın yardımı ilə biz buna nail olacağıq. Biz bu gün artıq konkret layihələr haqqında danışdıq – yol layihələri, dəmir yolları layihələri, infrastruktur layihələri. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcəkdir.
Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları. Onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim Qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir!
Bir daha, əziz Qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Biz Sizi ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, - Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu,- inşa ediləndən sonra, inşallah, Şuşa şəhərinə bərabər gedəcəyik".