Qüdrət Həsənquliyev: “O halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır” Qüdrət Həsənquliyev: “O halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır”

“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”

Qüdrət Həsənquliyev: “O halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin BAXCP Mətbuat Xidmətinə müsahibə verib. AzNews.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfərlərini necə qiymətləndirirsiniz?
Bəzi partiyalar Azərbaycanda hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin Azərbaycanda qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

- Birgə hərbi təlimləri çox yüksək qiymətləndirirəm. Bu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Bu həm Ermənistana, həm də regionda marağı olan digər dövlətlərə bir mesajdır ki, Azərbaycan tək deyil.

Seçkilərdən sonra yeni seçilmiş Türkiyə və Azərbaycan Prezidentlərinin ilk səfərlərini qardaş ölkələrə etməsi artıq ənənə halını alıb və təbiidir. Bu baxımdan, yeni təyin olunmuş xarici işlər nazirinin də ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil.

Çox istərdim ki, mənim dəfələrlə qaldırdığım və Türkiyə tərəfinin də müdafiə etdiyi şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər məsələsi tezliklə öz həllini tapsın, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılsın. Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına gəldikdə isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Hərbi Doktrina”sının 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir. Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər.

Amma daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanunun 19.4 -cü maddəsinə əsasən, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan neytrallıq siyasəti yürüdür və Qoşulmayanlar Hərəkatının üzvüdür. Bu baxımdan, Türkəyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün lik növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir.

Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ideyasına gəldikdə isə, bu məsələyə Qarabağın işğalına son qoyulması prizmasından yanaşmaq lazımdır. Mən düşünürəm ki,T ürkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalıdır. Ehtiyac olarsa Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə də hazır olmalıdır. Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalı, onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər.

Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ideyalar irəli sürülür və cəmiyyətdə müzakirə olunur. Belə ideyalardan biri hələ uzun illər bundan öncə mənim tərəfimdən irəli sürülmüşdü ki, regionun təhlükəsizliyi və inkişafı üçün Avropa İttifaqı modelində “Türk-Slavyan Respublikaları İttifaqı” (TSRİ) yaradıla bilər. Bu ittifaqa Türkiyə ilə yanaşı, istəyərlərsə Moldova, Gürcüstan,Ermənistan və Tacikistan da daxil ola bilər. Həm də çalışmalıyıq ki, əhalisinin yarısını azərbaycanlı türklər təşkil edən İran da həmin ittifaqın üzvü olsun. O zaman türklər hansı dövlətdə yaşamalarından asılı olmayaraq, eyni itifaqın vətəndaşları olub milli və mədəni baxımdan daha sıx inteqrasiya ola bilərlər.

Bu ittifaq artıq mövcud olan “Avrasiya İttifaqı”nın genişləndirilməsi və ona yeni məzmun verilməsi yolu ilə də yaradıla bilər. Yeni ittifaq Avropa Birliyi və Çinlə rəqabət aparmaq gücündə olub, dünyada iqtisadi inkişafa və təhlükəsizliyə böyük təhfə verə bilər. Bu yaxınlarda deputat həmkarım Zahid Oruc belə bir ideya ilə çıxış etmişdi ki, regionda TAR - Türkiyə-Azərbaycan-Rusiya İttifaqının yaradılması Qarabağın azadlığına, regionun inkişafına və təhlükəsizliyinə ciddi töhfə verə bilər. Bundan sonra o, bu və digər fikirlərinə görə mənəvi terrorla üzləşdi. Hər bir fikrə etika çərçivəsində münasibət bildirilməlidir. Hansısa fikirlər həqiqəti əks etdirmədiyi üçün təkzib oluna, milli maraqlara cavab vermədiyi və ya ziyanlı olduğu iddia edilə bilər. Amma çox təəssüf ki, bəzi adamların mədəni səviyyəsi və siyasi dünyagörüşü siyasətlə məşğul olmaq üçün yetərli olmasa da siyasi həyatımıza soxulub mənəvi terrorla məşğul olular. Rəqiblərinə təhqirlər yağdırmaqla onlar özlərini alçaltsalar da mənəvi mühüti də korlayıb ölkəmizin gələcəyənə böyük zərbə vururlar. Onları durdurmağın tək yolu isə bütün özünü əxlaqlı siyasətçi hesab edən şəxslərin onları açıq şəkildə pisləmələri və iqtidara gələrlərsə, belələrini məsuliyyətə cəlb etmək üçün çalışacaqlarını bəyan etmələri olmalıdır.

Qayıdaq Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq ideyasına. Əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır. Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanmsı və NATO-ya üzvülük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlaramızı işğaldan azad etməlidir. Biz Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməliyik. Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır. Rusiya hərbçiləri birinci Qarabağ savaşında olduğu kimi Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaqdır. Son birgə təlimlər həm də bunun anonsu idi.

- Qüdrət bəy “Dövlət İnvestisiya Holdinqi”nin yaradılmasına münasibətiniz necədir?

- Dövlət əmlakından səmərəli istifadə olunması və onun özəlləşdirilməyə hazırlanması üçün belə bir holdinqin, tikinti sektorunun canlandırılması üçün isə “İnşaat Korporasiyası”nın yaradılması mart ayında elan olunmuşdu və mən bunu alqışlamışdım.

Təəssüf ki, işlər ləng gedir. Bizim isə çox vaxtımız yoxdur. Dövlət əmlakından səmərəli istifadə etməyin bir yolu var: Dövlət şirkətlərinin bir hissəsi bir neçə yerə bölünərək özəlləşdirilməli, bir hissəsi isə investisiya qoyuluşu qarşılığında özəl şirkətlərə uzun müddətli istifadəyə verilməlidir.

Biznesin inkişafı üçün ölkədə sözdə yox, əməldə məmur özbaşınalığına son son qoyulmalı, məhkəmələrin səlahiyyətini mənimsəmiş məmur təbəqəsi yenilənməli, bütün hüquqi mübahisələr məhkəmələr vasitəsilə həll olunmalı, məhkəmə qərarlarını icra etməyən vəzifəli şəxslər haqqında cinayət işi başladılmalı və onlar dərhal tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Güclü iqtisadiyyatın yaradılması və korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün isə güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır.

Yalnız güclü məhkəmə hakimiyyətinin olduğu ölkəyə böyük həcmdə investisiya qoyular, iri pullar ölkədən qaçmaz.