- Müsahibə
- 21:01
- 1 433
“Milli Qurtuluş Günü xalqın gələcəyə inamını bərpa etdi” – Hüseyn İbrahimov
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm əhəmiyyətə malik olan tarixi günlərdən biridir.
Bu günün siyasi və ictimai əhəmiyyəti ilə bağlı AzNews.az analitik-informasiya portalının suallarını sosioloq Hüseyn İbrahimov cavablandırır.

-Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün hansı əsas məna və əhəmiyyət daşıyır?
-Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox böyük məna və əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu gün həm siyasi, həm sosial, həm ideoloji, həm də mədəni əhəmiyyəti ilə seçilir. Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik ənənələrinin, milli təhlükəsizliyinin, ərazi bütövlüyünün və gələcək inkişafının təməlini qoyan mühüm dönüş nöqtəsi hesab olunur. Məhz bu tarixdən etibarən ölkədə sabitliyin bərpası və dövlət quruculuğu istiqamətində mühüm proseslər başlanmışdır.
-1993-cü ildə ölkədə yaranmış vəziyyəti sosial baxımdan necə xarakterizə edərdiniz?
-1993-cü ildə Azərbaycan olduqca mürəkkəb sosial-siyasi vəziyyətlə üz-üzə idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün yaranmışdı. İqtisadi böhran, işsizlik, sosial təminatın zəifləməsi və təhlükəsizlik problemləri cəmiyyətdə ümidsizlik və inamsızlıq mühiti formalaşdırmışdı. Xarici təhdidlər, daxili siyasi qarşıdurmalar və nizamsız silahlı birləşmələrin fəaliyyəti ölkədə gərginliyi daha da artırırdı. Bütün bunlar Azərbaycan cəmiyyətinin sosial strukturuna ciddi təsir göstərmişdi.
-15 İyun hadisələri Azərbaycan cəmiyyətində sabitliyin bərpasına necə təsir göstərdi?
-15 İyun hadisələri ölkədə sabitliyin bərpasında mühüm rol oynadı. Həmin dövrdə siyasi və ideoloji sistem böhran vəziyyətində idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqda gələcəyə inam yaratdı, milli birliyi gücləndirdi və cəmiyyəti vahid məqsəd ətrafında birləşdirdi. Dövlət institutlarının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda demokratiya, plüralizm və hüquqi dövlət prinsiplərinin inkişafı üçün əlverişli şərait formalaşdı.
-Milli Qurtuluş Gününün gənc nəslə düzgün çatdırılması üçün hansı işlər görülməlidir?
-Milli Qurtuluş Gününün mahiyyətinin gənc nəslə düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə dərsliklərdə və təhsil proqramlarında mövcud məlumatların daha da zənginləşdirilməsi vacibdir. Eyni zamanda müasir kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən, sənədli filmlərdən, multimedia layihələrindən və müxtəlif maarifləndirici tədbirlərdən daha geniş istifadə olunmalıdır. Tarixi hadisələrin gənclərə müasir və interaktiv üsullarla çatdırılması onların bu günün əhəmiyyətini daha dərindən anlamalarına kömək edə bilər.
-Bu tarixin milli birlik və həmrəylik baxımından rolu nədən ibarətdir?
-Milli Qurtuluş Günü milli birlik və həmrəyliyin möhkəmlənməsində xüsusi rol oynayan tarixi gündür. 1993-cü ildə xalq ağır sınaqlarla üz-üzə qalmış, müharibənin, işğalın və sosial problemlərin yaratdığı sarsıntıları yaşayırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı cəmiyyətdə ümidsizliyi aradan qaldırdı və insanlarda gələcəyə inam yaratdı. Məhz həmin dövrdən etibarən Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında həmrəylik gücləndi, milli maraqlar ətrafında birlik formalaşdı. Bu baxımdan Milli Qurtuluş Günü xalqımızın birliyini və dövlətçilik ənənələrini simvolizə edən mühüm tarixdir.
Rəfiqə Namazəliyeva,
AzNews.az