Ermənilərin mixi saxtakarlığı

İyunun 1-də Naxçıvan Muxtar Respublikasındakı İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yeri aşkar edilib. XX əsrin 80-ci illərinin sonunda İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilib. Lakin abidənin yeri dəqiq göstərilməyib. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmayıb. Azərbaycan arxeoloqlarının yazının yerini müəyyən etməsi Ermənistanın saxta tarixçilərinin hiddətinə səbəb olub. Bu gün İrəvan mediasında bu barədə bir neçə məqalə dərc olunub. Odur ki, saxta erməni tarixçilərinə bir neçə kəlimə ilə cavab vermək istəyirəm.

Əvvəla, AMEA Arxeologiya və Antropologiya İnstitutunun açıqlamalarında bu yazının regionun qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğu vurğulanır. Burada əsas məsələ kitabənin “kim tərəfindən ilk dəfə tapılması” deyil, onun yerinin müəyyən edilməsidir.

Erməni müəlliflərin əsas manipulyasiyası Urartu irsini avtomatik şəkildə “erməni irsi” kimi təqdim etməyə yönəlib. Halbuki Urartu dövləti eramızdan əvvəl IX-VI əsrlərdə mövcud olmuş qədim Yaxın Şərq dövlətidir və onun etnik-siyasi kimliyi ilə sonrakı erməni etnosu arasında birbaşa davamlılıq (continuity) elmi baxımdan sübut edilməyib, edilə də bilməz. Müasir tarixşünaslıqda heç kim Urartunun “erməni dövləti” saymır. Əksinə, bir çox tədqiqatçılar Urartu dövlətinin çoxetnoslu və müxtəlif tayfa birliklərindən ibarət siyasi qurum olduğunu qeyd edirlər.

Kitabədə adları çəkilən İşpuini və Menua Urartu hökmdarlarıdır. Onların fəaliyyəti regionun müxtəlif hissələrini əhatə edirdi. Bu isə o demək deyil ki, həmin ərazilər “erməni torpağı” idi. Eyni məntiqlə Roma imperiyasının Britaniyada qoyduğu abidələri “italyan milli irsi”, yaxud Əhəməni kitabələrini yalnız “fars etnik abidəsi” hesab etmək də doğru sayılmır.

Naxçıvan ərazisində Urartu kitabəsinin olması regionun qədim dövrdə Urartu siyasi-hərbi təsir dairəsinə daxil olduğunu göstərir. Bu, Azərbaycanın qədim tarixinin bir hissəsidir və Azərbaycan alimlərinin həmin abidəni ölkənin tarixi irsi kimi təqdim etməsi tamamilə normaldır. Çünki müasir beynəlxalq praktika üzrə hər bir arxeoloji abidə yerləşdiyi dövlətin mədəni irs fonduna daxildir. Misirdəki Roma abidələri Misirin, Türkiyədəki Bizans abidələri Türkiyənin, İraqdakı Assuriya abidələri İraqın tarixi irsi hesab olunur. Bu, həmin dövlətlərin o imperiyaların “etnik varisi” olması anlamına gəlmir.

Məqalədə “erməni yaşayış məntəqəsi" ifadəsinin vurğulanması da siyasi məqsəd daşıyır. Naxçıvan müxtəlif dövrlərdə Mannalılar, Midiyalılar, Atropatenalılar, Urartular, Sasanilər, ərəb xilafəti, Atabəylər, Moğollar, Səfəvilər, Osmanlılar və digər siyasi sistemlərin təsiri altında olub. Buna görə də bir arxeoloji tapınıtıya "erməni toponimi" calamaqla "eksklüziv irs" kimi təqdim etmək elmi baxımdan əsl saxtakarlıqdır.

Kitabənin məzmunu da göstərir ki, burada əsasən Urartu dövlət ideologiyası əks olunur: hərbi yürüş, fəth, dağıntı və Xaldi tanrısına ithaf edilən ritual. Bu tip mətnlər Urartu mixi yazılarının klassik nümunələridir və bir çox yerdə rast gəlinir. Burada nə erməni etnik kimliyindən, nə erməni dövlətindən, nə də erməni xalqından bəhs olunur.

Azərbaycan alimlərinin bu kitabəni tədqiq etməsi və beynəlxalq elmi dövriyyəyə yenidən təqdim etməsi normal elmi fəaliyyətdir. Burada “saxtalaşdırma” yox, əksinə, regionun qədim tarixinin daha sistemli şəkildə araşdırılması prosesi mövcuddur.

Taleh ŞAHSUVARLI