Qobustan və Şamaxıda heyvandarlıq təsərrüfatlarının problemləri müzakirə olunub

İyunun 5-6-da “Quşçu” Heyvandarlıq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Qobustan və Şamaxı rayonlarında ictimai müzakirələr təşkil olunub.

İlk tədbir iyunun 5-də Qobustan Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilib. Tədbirdə rayonun müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının rəhbərləri, fermerlər, müvafiq qurumların nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi, onların qarşılaşdıqları problemlərin öyrənilməsi və aidiyyəti qurumlarla birgə həlli yollarının müzakirəsidir.

Daha sonra layihənin eksperti, baytar həkimi Eldəniz Məlikov çıxış edərək Qobustan rayonunda heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri, baytarlıq xidmətlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə və fermerlərin qarşılaşdıqları əsas problemlər barədə geniş məruzə ilə çıxış edib.

Müzakirələr zamanı Ərəbşalbaş kənd fermer təsərrüfatının rəhbəri Müşfiq Məmmədov və digər iştirakçılar heyvandarlıq sektorunda mövcud vəziyyət, yem bazasının formalaşdırılması, otlaq sahələrinin istifadəsi və dövlət dəstəyi mexanizmləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən Qobustan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Amil Vəzirli qaldırılan məsələlərə münasibət bildirib, fermerləri maraqlandıran sualları cavablandırıb və aidiyyəti qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Layihə çərçivəsində növbəti tədbir iyunun 6-da Şamaxı rayonunun Sabir qəsəbəsində keçirilib. Sabir qəsəbə bələdiyyəsinin inzibati binasında təşkil olunan görüşdə rayonun fermerləri, təsərrüfat rəhbərləri və yerli icma nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən layihə rəhbəri Tahir Məmmədov layihənin məqsədləri və həyata keçirilən fəaliyyətlər barədə məlumat verərək, heyvandarlıq sahəsində maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

Layihənin eksperti Eldəniz Məlikov isə Şamaxı rayonunda heyvandarlığın mövcud vəziyyəti, baytarlıq xidmətlərinin təşkili, məhsuldarlığın artırılması yolları və fermerlərin qarşılaşdıqları çətinliklər barədə ətraflı təqdimatla çıxış edib.

Müzakirələrdə Sabir qəsəbə bələdiyyəsinin sədri Elşən Dəmirov, “Quşçu” kəndli fermer təsərrüfatının rəhbəri Zahir Məmmədov, Sabir qəsəbə fermer təsərrüfatının rəhbəri Vidadi Beydullayev və digər iştirakçılar çıxış edərək sahənin inkişafı ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, heyvandarlıq sahəsində mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb və layihə çərçivəsində əldə olunan nəticələrin aidiyyəti qurumlara təqdim ediləcəyi bildirilib.