Milli parklarda nələr qadağandır? - Hüquqşünasın şərhi

Hüquqşünas Zaman Səmədov: "Park ərazisinə gəlməzdən əvvəl sığortalanmaq tövsiyə olunur"

– Zaman bəy, Abşeron Milli Parka gələn turistlər hansı təhlükəsizlik qaydalarına əməl etməlidirlər?

– Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Bu barədə Nazirlər Kabinetinin qərarı var. Mövcud qaydalara görə, Milli Parkların ərazisinə daxil olan ziyarətçilər yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməli, park əməkdaşlarının və istiqamətləndirici nişanların göstərişlərinə əməl etməlidirlər. Marşrutlardan kənara çıxmaq həm ziyarətçilərin təhlükəsizliyi, həm də təbiətin mühafizəsi baxımından risk yarada bilər. Həmçinin park ərazisinə gəlməzdən əvvəl sığortalanmaq tövsiyə olunur. Belə sığorta bədbəxt hadisələr, infeksion xəstəliklər və vəhşi heyvanlardan dəyə biləcək xəsarətlər kimi halları əhatə edə bilər.

- Milli Parklarda turistlər üçün hansı imkanlar yaradılıb?

- Ziyarətçilər park daxilində fəaliyyət göstərən İnformasiya Mərkəzlərindən ərazi barədə məlumat ala, dayanacaq, iaşə, ticarət və istirahət obyektlərinin xidmətlərindən istifadə edə bilərlər. Parkda həvəskar foto və video çəkilişlərinə, müşahidə vasitələrindən, mobil telefon və səsyazma cihazlarından istifadəyə icazə verilir. Müvafiq icazə əsasında müəyyən olunmuş ərazilərdə ov və həvəskar balıq ovu ilə də məşğul olmaq mümkündür.

– Bəs, Milli Parkların ərazisində hansı davranışlar qadağandır və bunun səbəbi nədir?

– Milli Parklarda ətraf mühiti çirkləndirmək, zibil atmaq, ağac və daşların üzərinə yazılar yazmaq, səs-küy yaradan fəaliyyətlərlə məşğul olmaq qadağandır. Bundan əlavə, siqaret kötükləri və yanmış kibrit çöpləri ətrafa atılmamalı, tonqal yalnız müəyyən olunmuş yerlərdə qalınmalı və tam söndürülməlidir. Bu qaydalar parkın biomüxtəlifliyini, flora və faunanı qorumaq, həmçinin yanğın və digər ekoloji risklərin qarşısını almaq məqsədi daşıyır.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.