"Abşeron Milli Parkında xüsusi mühafizə rejimi mövcuddur" - Hüquqşünas

Hüquqşünas Ceyhun Əsədov: "Hüquq yalnız baş vermiş zərərə reaksiya vermir"

- Ceyhun bəy, Abşeron Milli Parkında qanunla hansı fəaliyyətlər qadağandır?

- Abşeron Milli Parkı statusuna görə, xüsusi hüquqi mühafizə rejiminin tətbiq olunduğu ərazidir. Qanunvericilik burada təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinə təhlükə yaradan fəaliyyətləri, geoloji kəşfiyyat və faydalı qazıntı işlərini, hidroloji rejimi dəyişdirən işləri, xüsusi ekoloji təhlükə yaradan sənaye fəaliyyətini və Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yol, boru kəməri, elektrik xətti və digər kommunikasiyaların tikintisini qadağan edir.

Bundan başqa, müəyyən edilmiş yerlərdən kənarda dayanacaq yaratmaq, çadır qurmaq, tonqal yandırmaq, müəyyən edilmiş yollar və yerlərdən kənarda mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanması, habelə yerli flora və faunaya uyğun olmayan növlərin əraziyə gətirilməsi də qadağandır. Burada mühüm məqam ondan ibarətdir ki, qanun yalnız konkret qadağaların siyahısını müəyyən etməklə kifayətlənmir. Milli Parkın ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyətlərin də müəyyən hallarda məhdudlaşdırılması və ya qadağan edilməsi mümkündür. Bu, xüsusi mühafizə olunan ərazilər üçün xarakterik olan preventiv hüquqi mühafizə modelidir: hüquq yalnız baş vermiş zərərə reaksiya vermir, potensial ekoloji riskin qarşısını almağa da çalışır.

- Park ərazisində tikinti və kommersiya fəaliyyəti hansı qaydalarla tənzimlənir?

- Burada “Milli Parkda hər hansı kommersiya fəaliyyəti qadağandır” kimi ümumi yanaşma düzgün olmaz. Əsas məsələ fəaliyyətin harada, hansı məqsədlə və hansı rejim daxilində həyata keçirilməsidir. Əsasnaməyə əsasən Milli Parkda xüsusi mühafizə, tənzimlənən təsərrüfat, turizm-rekreasiya, xidmət və təsərrüfat-istehsalat zonaları müəyyən edilir. Yəni hüquqi rejim ərazinin bütün hissələri üçün eyni deyil. Turizm, rekreasiya və qanunvericiliyə uyğun digər fəaliyyətlərə müəyyən şərtlərlə yol verilə bilər. Digər fəaliyyət növləri isə Milli Parkın məqsədli təyinatına və mühafizə tələblərinə zidd olmamalı, müvafiq hallarda fiziki və hüquqi şəxslərlə bağlanan və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilməlidir. Tikinti məsələsində isə xüsusilə diqqətli olmaq lazımdır. Milli Parkın fəaliyyəti ilə əlaqəsi olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi birbaşa qadağandır. Deməli, Milli Parkın xüsusi statusu tikintiyə avtomatik qadağa deyil, tikinti fəaliyyətinin ekoloji və funksional baxımdan xüsusi hüquqi filtrlərdən keçirilməsi deməkdir. Məncə, burada əsas hüquqi prinsip belə ifadə oluna bilər: Milli Parkda istifadə hüququ mühafizə məqsədinə tabe olan hüquqdur. Yəni iqtisadi və kommersiya maraqları ərazinin xüsusi ekoloji rejiminə üstün gələ bilməz.

- Hüquqpozmalara görə məsuliyyət mexanizmləri kifayət qədər işləyirmi?

- Bu suala yalnız normativ bazaya baxaraq “bəli” və ya “xeyr” cavabı vermək düzgün olmaz. Çünki burada artıq normanın mövcudluğu ilə onun icrasının effektivliyi arasında fərq yaranır. Hüquqi baxımdan mexanizmlər kifayət qədər genişdir: Milli Parkın mühafizə xidməti rejimə zidd fəaliyyəti dayandıra, müəyyən hallarda nəqliyyat vasitələrinə, əşya və sənədlərə baxış keçirə, protokol tərtib edə və cinayət məsuliyyəti məsələsinin həlli üçün tədbirlər görə bilər. Bundan əlavə, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər vermək səlahiyyəti də mövcuddur. Amma bu mexanizmlərin praktik effektivliyini qiymətləndirmək üçün pozuntuların sayı, tərtib edilmiş protokollar, tətbiq edilmiş inzibati və cinayət məsuliyyəti tədbirləri, vurulmuş ziyanın müəyyən edilməsi və ödənilməsi, məhkəmə nəticələri və s. barədə statistik məlumatlara ehtiyac var. Bu səbəbdən mənim mövqeyimcə, həmin suala obyektiv cavab vermək üçün aidiyyəti dövlət orqanlarından, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, zəruri hallarda isə Dövlət Statistika Komitəsindən rəsmi məlumat almaq daha səmərəli olardı. Yalnız belə məlumatlar əsasında “məsuliyyət tədbirləri effektiv deyil” və ya əksinə, “mexanizm effektivdir” nəticəsinə gəlmək mümkündür.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb