"Xəzər dənizinə invaziv növlərin təsiri böyükdür" - Bioloq

Biologiya elmləri doktoru, professor, Namiq Mustafayev: "Gəmilərdən istifadə etməklə də hidrobioloji tədqiqatlar aparılırdı"

- Namiq müəllim, Milli Parkın akvatoriyasında su canlılarının vəziyyəti necədir?

- Xəzər dənizinin Azərbaycan sularında balıqların elmi şəkildə tədqiqinə XVIII əsrin 70-ci illərindən başlanmışdır. Əvvəllər burada tədqiqatları əcnəbi tədqiqatçılar aparmışlar. Keçən əsrin əvvəllərindən bu istiqamətdə tədqiqatların aparılmasında yerli mütəxəssislər də yetişmiş və onlar bu istiqamətdə tədqiqatlar aparmışlar. Birbaşa Abşeron Milli Parkının akvatoriyasında mütəmadi tədqiqatlar aparılmasa da, Xəzərin Azərbaycan sularında həm hidrobioloji, həm də ixtioloji tədqiqatlar aparılmışdır. 1912-ci ildə Xəzərin Azərbaycan sularında tədqiqat aparılması üçün Bakı ixtioloji laboratoriyası yaradılmış, sonralar həmin laboratoriya Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu kimi fəaliyyət göstərmişdir. Həmin İnstitut 2019-cu ilin yanvar ayında ləğv edilmişdir. İnstitut fəaliyyət göstərdiyi dövrdə Xəzərin Azərbaycan sularında su heyvanlarının öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır. Bundan başqa, 1936-cı ildə yaradılan Zoologiya İnstitutunda (sonralar AMEA-nın Zoologiya İnstitutu) da su heyvanları şöbəsində Xəzərin Azərbaycan sularında su canlılarının öyrənilməsi istiqamətində əhəmiyyətli tədqiqatlar aparılmışdır. Təəssüf ki, son illərdə ixtisaslı mütəxəssislərin sayı xeyli azalmış, bu da öz növbəsində tədqiqatların aparılmasında çətinliklərin yaranmasına səbəb olmuşdur. Vaxtilə akademik A.N. Derjavin, EA-nın müxbir üzvləri Ə.H. Qasımov, Y.Ə. Əbdürrəhmanov, R.Y. Qasımov, biologiya elmləri doktorları Z.M. Quliyev, D.B. Rəhimov və s. kimi tanınmış tədqiqatçıların davamçıları indi çox azdır. Bütün bunlar isə aparılan tədqiqatların həm keyfiyyətinə, həm də kəmiyyətinə mənfi təsir göstərir. Hazırda kadr hazırlığı istiqamətində Respublikanın bir neçə universitetində “Su bioresurslar”, “İxtiologiya”, “Balıqçılıq” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

- Balıq ehtiyatları və digər canlılar üçün əsas risklər hansılardır?

- Balıq ehtiyatları və digər canlılar üçün əsas risklər çirklənmə, qanunsuz balıq ovu və Xəzər ekosistemində baş verən ümumi dəyişikliklərdir (dənizin səviyyəsinin müxtəlif dövrlərdə qalxması, enməsi, invaziv növlərin təsiri və s.). Xüsusilə XIX əsrin sonlarından neftlə çirklənmə, sonradan digər sənaye və məişət tullantıları ilə çirklənmə faunaya öz mənfi təsirini göstərmişdir. Doğrudur, son illərdə çirklənmənin qarşısının alınması istiqamətində bir sıra uğurlu fəaliyyətlər aparılsa da, əvvəlki çirklənmələrin nəticələrini aradan qaldırmaq mümkün olmayıb. Qanunsuz balıq ovu ilə də mübarizənin aparılmasına baxmayaraq, bu proses də hələ də davam edir. Xəzər dənizinə invaziv növlərin təsiri də kifayət qədərdir.

- Monitorinq işləri kifayət qədər aparılırmı?

- Azərbaycanda balıq ovuna dair proqnozların hazırlanması məqsədilə mütəmadi olaraq su hövzələrində monitorinqlərin aparılması həyata keçirilir. Lakin son illərdə ixtisaslı kadr, alət və avadanlıqlar çatışmazlığı mövcuddur. Vaxtilə Xəzər dənizinin müxtəlif hissələrində elmi tədqiqat aparmaq üçün Zoologiya İnstitutunun nəzdində elm gəmisi fəaliyyət göstərirdi. Sonralar digər gəmilərdən (Əlif Hacıyev, Geofizik) istifadə etməklə də hidrobioloji tədqiqatlar aparılırdı. Lakin hazırda bu imkanlar yoxdur. Balıq ovuna dair proqnozun hazırlanması üçün həm dənizdə, həm də sahil sularında mütəmadi (fəsillər, aylar üzrə) olaraq monitorinq işləri aparılmalıdır. Hazırda bu işlərin aparılması üçün, yuxarıda qeyd etdiyim kimi, həm kadr, həm də digər imkanların çatışmazlığı mövcuddur.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb