- Siyasi müzakirə
- 14:07
- 907
Avropa ABŞ-nin təhlükəsizlik çətirindən çıxmağa hazırlaşır - TƏHLİL
"Avropa İttifaqının təhlükəsizliklə bağlı yeni mexanizmlərin yaradılması istiqamətində fəaliyyəti, təbii ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Doğrudur, 2019-cu ildə Fransa Prezidenti Emmanuel Makron Avropa ordusunun yaradılması ideyasını irəli sürmüşdü. Lakin bu ideya qəbul olunmadı və proseslər NATO çətiri altında davam etdi. Rusiya-Ukrayna müharibəsinin gedişində NATO-nun özünün də alyans olaraq dayanıqlılığı sınaqdan keçirildi. Xüsusilə ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Avropanın təhlükəsizliklə bağlı ciddi problemlərlə üz-üzə olduğu ortaya çıxdı. Çünki 80 ildən artıq müddətdə öz təhlükəsizliyini ABŞ-a həvalə edən Avropa indi özü açıq təhdidlərlə üz-üzə qaldığı üçün çox ciddi sınaqdan keçir. ABŞ artıq Avropanın təhlükəsizliyi ilə bağlı əlavə xərcləri öz üzərinə götürmək niyyətində deyil və bunu Donald Tramp da açıq şəkildə bəyan edib".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Avropa İttifaqında təhlükəsizlik sahəsində yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması gündəmdədir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Aİ-nin silahlı hücum səviyyəsinə çatmayan, lakin ciddi təhlükəsizlik riski yaradan hallara daha operativ reaksiya verməsi üçün NATO-nun 4-cü maddəsinə analoji fövqəladə təhlükəsizlik mexanizminin yaradılmasını təklif edib. Bununla yanaşı, o, Avropa Təhlükəsizlik Şurasının təsis edilməsi ilə bağlı planların hazırlanacağını bildirib.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Avropada öz təhlükəsizlik mexanizmlərinin yaradılması ideyası getdikcə daha çox aktuallıq qazanır.
"Avropa ölkələrinin əksəriyyəti NATO çərçivəsində fəaliyyət göstərir. Lakin nəzərə alsaq ki, NATO-nun əsas hərbi gücünü ABŞ təmin edir və Vaşinqtonun Avropanın təhlükəsizliyi ilə bağlı əvvəlki səviyyədə maraqlı olmadığı görünür, Avropa ölkələri yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasına ehtiyac duyurlar. Əsas səbəb də bundan ibarətdir. ABŞ 80 illik siyasətini dəyişir, Avropanın təhlükəsizliyinin təmin olunmasında əvvəlki rolunu azaltmağa çalışır və bununla da Avropa ölkələrinin üzərinə daha böyük məsuliyyət düşür. Onlar müdafiə xərclərini artırmalı və Avropanın təhlükəsizliyinin təmin olunmasında daha aktiv rol oynamalıdırlar. Yəni Amerikanın əsas istəyi budur ki, Avropa öz təhlükəsizliyinin təmin olunmasında daha böyük məsuliyyət daşısın".
Rəfiqə Namazəliyeva,
AzNews.az