“Türk dünyasının mənəvi xəritəsini Bakı çəkir” -DEPUTAT

"Türk dünyasının birliyi yalnız iqtisadi layihələr, nəqliyyat dəhlizləri və siyasi sənədlərlə ölçülməməlidir. Bizi birləşdirən daha dərin bir xətt var: ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və əsrlərin formalaşdırdığı yaddaş. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi məhz bu mənəvi bağların institusional əməkdaşlığa çevrilməsi baxımından əhəmiyyətlidir".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının keçirilməsi Türk dünyası və İslam ölkələri arasında dini-mədəni əlaqələrin inkişafı baxımından diqqət çəkir. Tədbirdə sülh, həmrəylik, qarşılıqlı əməkdaşlıq və dini-mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin çıxışında isə Azərbaycanın Türk və İslam dünyası arasında əlaqələndirici roluna xüsusi diqqət yetirilib.

Deputat qeyd edib ki, Türk dövlətləri siyasi və iqtisadi baxımdan getdikcə daha sıx əməkdaşlıq edir.

"İndi bu yaxınlaşmanın humanitar, mədəni və mənəvi dayaqlarının da gücləndirilməsi vacibdir. Çünki dövlətləri müqavilələr yaxınlaşdırırsa, xalqları ortaq yaddaş yaxınlaşdırır. Dini liderlərin müntəzəm dialoqu da bu mənada Türk dünyasında həmrəyliyin sosial və mənəvi bazasını genişləndirə bilər. Burada Azərbaycanın xüsusi rolu var. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsidir, həm İslam dünyasında fəal mövqeyə malikdir, həm də müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı özünəməxsus təcrübəyə sahibdir. Buna görə Bakı yalnız görüşlərin keçirildiyi ünvan deyil. Azərbaycan müxtəlif coğrafiyalar, mədəniyyətlər və mənəvi dəyərlər arasında dialoq yarada bilən platformadır. Prezident İlham Əliyevin məsələyə yanaşmasında da mühüm məqam budur: ortaq mənəvi irs keçmiş haqqında xatirə kimi qalmamalı, gələcək əməkdaşlığın resursuna çevrilməlidir. Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirin irsinin beynəlxalq səviyyədə müzakirəsi göstərir ki, Türk və İslam dünyasının dünyaya təqdim edə biləcəyi çox zəngin intellektual və mənəvi xəzinə var. Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri də gənclərlə bağlı ola bilər. Bu gün radikalizm, dini dözümsüzlük, islamofobiya və müxtəlif ideoloji təsirlər ilk növbədə informasiya məkanından yayılır. Buna qarşı yalnız qadağalarla mübarizə aparmaq mümkün deyil. Alternativ olaraq sağlam dini düşüncə, milli-mənəvi dəyərlər, maarifçilik və güclü tarixi yaddaş təqdim edilməlidir. Türk dövlətlərinin dini və elmi institutları bu istiqamətdə ortaq layihələr həyata keçirə bilərlər. Bir məsələni də unutmayaq: din bəzən dünyada qarşıdurma yaratmaq üçün alətə çevrilir. Biz isə dini həmrəylik, sülh və insanlar arasında körpü yaratmaq vasitəsi kimi təqdim edirik. Fərq də məhz bundadır. Hesab edirəm ki, dini liderlər arasında belə görüşlərin davamlı xarakter alması ortaq elmi araşdırmalardan tutmuş mədəni irsin qorunmasına, gənclərlə işdən dini maarifləndirməyə qədər yeni əməkdaşlıq mexanizmləri yarada bilər. Türk Dövlətləri Təşkilatının gücü yalnız dövlətlərin eyni masa arxasında oturmasında deyil, cəmiyyətlərin də bir-birinə yaxınlaşmasındadır. Türk dünyasının siyasi xəritəsi dövlət sərhədləri ilə müəyyən olunur. Onun mənəvi xəritəsinin sərhədlərini isə ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz çəkir. Bakıdakı görüşün əsas əhəmiyyəti də məhz burada görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az