ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanına F-35 satışının Çin riskini araşdırıb

ABŞ kəşfiyyat qurumlarının Səudiyyə Ərəbistanına mümkün F-35 satışının Çinin qabaqcıl döyüş təyyarəsi texnologiyalarına çıxış əldə etməsinə səbəb ola biləcəyi ilə bağlı riskləri qiymətləndirdiyi iddia edilir.

“New York Times”ın adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, kəşfiyyat qurumları Səudiyyə Ərəbistanına planlaşdırılan F-35 satışının yarada biləcəyi təhlükəsizlik riskləri ilə bağlı bir sıra hesabatlar hazırlayıb.

ABŞ rəsmiləri bildiriblər ki, kəşfiyyat analitikləri Çinin Səudiyyə Ərəbistanındakı casusluq fəaliyyəti və ya Ər-Riyadla Pekin arasında hərbi və təhlükəsizlik əməkdaşlığı vasitəsilə F-35-in həssas texnologiyalarını əldə edə biləcəyini qiymətləndiriblər.

Çinin Səudiyyə bazalarına çıxışı diqqət mərkəzindədir

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tabeliyindəki Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) hazırladığı hesabatda Çin ordusunun Səudiyyə Ərəbistanındakı hərbi bazalara çıxışı və Çin texnologiyalarının ölkənin telekommunikasiya infrastrukturunda istifadəsi kimi məsələlər araşdırılıb.

Hesabatda ABŞ və Səudiyyə Ərəbistanının F-35 texnologiyalarının yerləşdiyi obyektlərin təhlükəsizliyini təmin edib-edə bilməyəcəyi ilə bağlı qiymətləndirmələrə yer verilib. Həmçinin Çinin casusluq fəaliyyəti və ya Ər-Riyadla hərbi və təhlükəsizlik əməkdaşlığı vasitəsilə sözügedən texnologiyalara çıxış əldə edə biləcəyi riski vurğulanıb.

F-35-in qabaqcıl sistemləri ilə bağlı təhlükəsizlik narahatlığı

Hesabatda F-35 texnologiyalarının yerləşdiyi ərazilərə yalnız ABŞ və Səudiyyə Ərəbistanının əməkdaşları, eləcə də səlahiyyət verilmiş podratçıların girişinin təmin edilməsinin vacibliyi qeyd olunub.

Xüsusilə qırıcı təyyarənin qabaqcıl radar və müşahidə sistemlərinin qorunması ilə bağlı narahatlıqlara diqqət çəkilib. Hesabatda Ər-Riyadın Çin hərbi və kəşfiyyat əməkdaşları ilə təmaslarını məhdudlaşdırmasının zəruri olduğu bildirilib.

“Huawei” və “ZTE” avadanlıqları da gündəmdədir

ABŞ kəşfiyyatının hesabatında Səudiyyə Ərəbistanının Çində yerləşən “Huawei” və “ZTE” texnologiya şirkətlərinə məxsus avadanlıqları telekommunikasiya infrastrukturu, marşrutlaşdırıcı sistemlər və müdafiə obyektlərindən çıxarıb-çıxarmayacağı məsələsi də araşdırılıb.

F-35 texnologiyalarının qorunması ilə bağlı qiymətləndirmələrin yer aldığı hesabatın digər kəşfiyyat qurumlarının hazırladığı təhlillərlə birlikdə ABŞ-nin müxtəlif dövlət qurumlarına və Konqres ofislərinə göndərildiyi bildirilir.

Mövsüm,

AzNews.az