Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailin xidmətinə verməyəcək

İrana qarşı fevralın 28-də həyata keçirilən hücumlardan sonra ABŞ-İsrail xəttində böhran yaşandığı ilə bağlı iddialar fonunda ABŞ Prezidenti Donald Trampın müavini CD Vensin açıqlamaları diqqət çəkib.

Vens “All-In Podcast” adlı YouTube proqramında ABŞ-İsrail münasibətləri və gündəmdəki məsələlərlə bağlı qiymətləndirmələr aparıb.

“ABŞ bəzən İsraillə eyni fikirdə olmur”

İranın nüvə proqramı ilə yanaşı, adi hərbi imkanlarının da əhəmiyyətli hissəsini məhv etməyi bacardıqlarını iddia edən Vens bildirib:

“ABŞ Prezidenti Donald Trampın nə dediyini bilirsiniz. İsrail hərbi texnologiya və kəşfiyyat məlumatlarının paylaşılması baxımından mühüm tərəfdaşdır. Lakin bəzən ABŞ İsraillə eyni fikirdə olmur”.

“Tramp Netanyahu ilə yollarını ayırmağa daha meyllidir”

Vensin sözlərinə görə, Tramp Amerika xalqının maraqlarının İsrail hökumətinin maraqlarından fərqli olduğunu düşündüyü zaman İsrailin Baş naziri Benyamin Netanyahu ilə yollarını ayırmağa son 40 ildəki istənilən prezidentdən daha çox hazır olduğunu nümayiş etdirib.

“Siyasətimizin İsrailin xidmətində olmasına imkan verməyəcəyik”

ABŞ-nin NATO çərçivəsində bir çox mühüm tərəfdaşlıqlara malik olduğunu bildirən Vens deyib:

“Lakin bu, Avropadakı xarici siyasətimizi tamamilə NATO-nun xidmətində həyata keçirəcəyimiz anlamına gəlmir. Eyni şəkildə, Yaxın Şərqdəki xarici siyasətimizin İsrail dövlətinin xidmətində olmasına imkan verə bilmərik”.

Mövsüm,

AzNews.az