- Redaktor masası
- 16:02
- 795
Prezident İlham Əliyev: Şah İsmayıl bir DÜNYADIR
Son vaxtlar ictimaiyyət arasında, mediada və sosial şəbəkələrdə XVI əsrdə yaşamış Şah İsmayıl Xətai və Səfəvi dövləti ətrafında aparılan müzakirələr diqqət çəkir. Bu müzakirələr əsasən tarixin tənqidi analizi, milli kimlik axtarışları və məzhəb faktorları ətrafında cərəyan edir.
Müzakirələrdə iştirak edən tarixçilər, deputatlar və ziyalılar Şah İsmayıl Xətaiyə və Səfəvi dövlətinə fəqli prizmalardan yanaşırlar.
Xətaiyə müsbət mövqedən yanaşanlar Səfəvilər dövlətini Azərbaycan torpaqlarını vahid mərkəzdə birləşdirən ilk böyük quruluş hesab edir, Xətainin Azərbaycan türkçəsini saray və ordu dilinə çevirməsini onun milli kimliyə xidməti kimi qiymətləndirirlər.
Xətaini tənqid edənlər isə onu şiəliyi dövlət dininə çevirməkdə günahlandırır və digər türk-müsəlman dövlətləri ilə (xüsusilə Osmanlı ilə) apardığı müharibələrin Türk dünyasında dərin parçalanmaya səbəb olduğunu deyirlər.
AzNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bir sıra tarixi şəxslərlə yanaşı, Xətainin də adını çəkib və ona müsbət yanaşmasını ifadə edib.
Prezident deyib:
“Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.