- Siyasi müzakirə
- 16:30
- 1 001
Trampın Ukrayna planı niyə nəticə vermir? – Kənan Novruzov səbəbləri açıqladı
"Hazırda Rusiya-Ukrayna müharibəsində vəziyyət əvvəlki illərlə müqayisədə daha mürəkkəbdir. Müharibənin ilk ilində, yaxud ilk il yarımında əsasən Rusiya və Ukrayna qarşı-qarşıya idi. İndi isə ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra ABŞ və Avropa arasında da müharibəyə yanaşma ilə bağlı fikir ayrılığı yaranıb. Əvvəllər kollektiv Qərbin müharibə ilə bağlı konkret mövqeyi var idi və Qərb müharibənin davam etdirilməsində maraqlı idi. İndi isə ABŞ-dakı Tramp administrasiyası müharibənin dayandırılmasını istəyir, Avropanın mövqeyi isə bundan fərqlənir. ABŞ bir tərəfdən Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək istəmir, digər tərəfdən diqqətini Yaxın Şərqə və Çinə yönəltmək niyyətindədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində danışıqların davam etdiyini və müharibənin çox tezliklə başa çatacağına inandığını bildirib. O, münaqişənin həllinin əvvəlki diplomatik təşəbbüslərlə müqayisədə daha çətin olduğunu vurğulayıb. Trampın bu açıqlaması Vaşinqtonun Moskva və Kiyevlə bağlı diplomatik səylərinin davam etdiyi bir vaxtda diqqət çəkir. Bu açıqlamanın fonunda Trampın münaqişənin yaxın zamanda başa çatacağı ilə bağlı mövqeyi və ABŞ-nin
prosesdəki rolu ilə bağlı müxtəlif suallar yaranır.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin mövqeyinin səbəblərindən biri də Ukraynanın yenidən qurulması və bərpasına investisiya yatırmaqda maraqlı olmasıdır.
"Avropanın mövqeyinə gəlincə, burada da bir sıra amillər var. Avropa gələcəkdə Rusiyadan daha ucuz enerji almaqda maraqlı ola bilər. Lakin eyni zamanda hesab edir ki, müharibə başa çatdıqdan sonra Rusiya başqa bir Avropa ölkəsinə qarşı hərbi addım ata bilər. Avropada Rusiyanın hərbi imkanlarının bunun üçün yetərli olduğu ilə bağlı narahatlıq mövcuddur. Belə bir vəziyyətdə, təbii ki, proses daha da mürəkkəbləşir. ABŞ-ın müharibənin dayandırılması istiqamətində səylərinin səmimi olduğunu düşünürəm və bu səylər müəyyən nəticələr verə bilər. Lakin hesab edirəm ki, bu, yekun nəticənin əldə olunması üçün kifayət etməyəcək. Müharibənin başa çatması üçün ilk növbədə ABŞ və Avropa arasında ortaq mövqe formalaşmalıdır. Onlar konsensusa gəlməli, bir-birlərinin mövqelərini nəzərə almalıdırlar. İkinci mühüm məsələ isə Türkiyə və ya Azərbaycanın vasitəçiliyidir. Müharibənin yekun həllinə nail olmaq üçün Bakı və Ankaranın prosesdə iştirakı, müəyyən mərhələdə tərəflərin görüşünə ev sahibliyi etməsi və ya vasitəçi rolunda çıxış etməsi mühüm ola bilər. ABŞ və Avropa ilk növbədə ümumi dil tapmalıdır. Bu baxımdan, Trampın müharibənin üç günə, beş günə və ya qısa müddətdə başa çatacağı ilə bağlı açıqlamaları real nəticə baxımından əsas göstərici deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az