- Qərb
- 14:17
- 316
Tramp: İran rejimini məhv edib-etməmək barədə mühüm qərar qarşısındayam
ABŞ Prezidenti Donald Tramp “Axios”a bildirib ki, İran müharibəsində həlledici mərhələyə yaxınlaşır və münaqişəyə son qoymaq məqsədilə genişmiqyaslı hücumları yenidən başlayıb-başlamamaq barədə qərar verməlidir.
“Qarşıda böyük bir qərarım var. İçəri girib onları (İran rejimini) məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük qərardır. Mənimlə bağlı hər şey baş verə bilər”, - Tramp deyib.
Niyə vacibdir:
Tramp daha əvvəl də oxşar hədələr səsləndirib. Lakin bu açıqlamalar onun BMT Baş Assambleyasının sessiyası çərçivəsində altı Fars körfəzi ölkəsinin - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə çərşənbə axşamı keçirməsi planlaşdırılan görüşdən əvvəl səslənib.
Bu görüş müharibənin növbəti mərhələsinə təsir göstərə bilər. Burada diplomatik səylərin yenidən gücləndirilməsi və ya hərbi əməliyyatların intensivləşdirilməsi məsələləri müzakirə oluna bilər. Tramp genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək istəyərsə, bunun üçün regiondakı müttəfiqlərinin dəstəyinə ehtiyac duyacaq.
ABŞ Prezidenti son günlər müharibənin tezliklə başa çatacağını dəfələrlə bildirib. Bəzi amerikalı rəsmilər isə münaqişənin davam etdirilməsinin dayanıqlı olmadığını və tərəflərin nə müharibə, nə də sülh vəziyyətində qaldığını bildirirlər. Onların fikrincə, əgər noyabrda keçiriləcək aralıq seçkilərə qədər razılaşma əldə olunmasa, Tramp bundan sonra genişmiqyaslı hərbi əməliyyatlara qayıda bilər.
Tramp nə deyir:
Tramp müsahibəsində BMT-də keçiriləcək görüşdən regiondakı müttəfiqlərinin müharibənin növbəti mərhələsi ilə bağlı mövqeyini birbaşa öyrənmək üçün istifadə etmək istədiyini bildirib.
“Onların harada olduqlarını və vəziyyətlərinin necə olduğunu öyrənmək istəyirəm. Biz onları çox qorumuşuq”, - Tramp deyib.
Tramp müharibənin gələcək istiqaməti ilə bağlı qərarı noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl, yoxsa sonra verəcəyini açıqlamayıb.
Son vəziyyət:
Avqustun əvvəlində Tramp genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaqdan çəkinib. Buna səbəb Səudiyyə Ərəbistanı və Qətərin İranın cavab olaraq Səudiyyənin neft və qaz obyektlərinə zərbələr endirə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etməsi olub.
Bundan sonra Tramp İranla bağlı daha təmkinli siyasət yürüdüb: İranla danışıqları dayandırıb, yeni iqtisadi sanksiyalar kampaniyasına başlayıb, İran limanlarına tətbiq edilən dəniz blokadasını davam etdirib, həmçinin Hörmüz boğazının açılması və dünya enerji bazarına neft axınının artırılmasına yönəlmiş hərbi tədbirlərə diqqət yetirib.
ABŞ ordusu Hörmüz boğazından neft və qaz tankerlərinin keçidini əhəmiyyətli dərəcədə artırıb. Lakin daşımaların həcmi hələ də müharibədən əvvəlki səviyyədən aşağıdır və neft qiymətləri yüksək olaraq qalır.
ABŞ ordusu hazır vəziyyətdə saxlanılır:
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp və müdafiə naziri Pit Heqseth Yaxın Şərqdəki ABŞ hərbi qüvvələrinin sayının ilin sonuna qədər hazırkı səviyyədə saxlanılmasını əmr edib. Məqsəd genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq ehtimalına hazır olmaqdır.
Rəsmilər bildirirlər ki, Tramp yaxın vaxtlarda gələcək fəaliyyət istiqamətini müəyyənləşdirməlidir. Çünki ABŞ ordusu mövcud gözləmə vəziyyətində daha uzun müddət qala bilməz.
“Bir məqamda müharibənin son məqsədini müəyyənləşdirməlisən”, - rəsmilərdən biri deyib.
Tramp “Axios”a bildirib ki, dəniz blokadasının İranın neft ixracının qarşısını almasından çox razıdır.
“Başladığımız vaxtdan bəri İrana heç bir gəmi getməyib. Cəhd etdilər və biz onları məhv etdik”, - Tramp deyib.
ABŞ Prezidenti əlavə edib ki, İran ABŞ ilə birbaşa əlaqədədir və iranlıların hələ də razılaşma əldə etmək istədiklərini bildirib.
Müharibədən sonrakı strategiya:
Ağ Ev eyni zamanda İran müharibəsindən sonrakı strategiya üzərində işləyir. Planda İranın regionda nəzarətdə saxlanılması üçün regional səylərin həyata keçirilməsi və İsrail ilə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsi nəzərdə tutulur.
Strategiya hələ ilkin hazırlanma mərhələsindədir. Sənədin müharibə başa çatdıqdan sonra ABŞ-nin Yaxın Şərq siyasətinə və Trampın prezidentlik müddətinin son iki ilinə istiqamət verməsi nəzərdə tutulur. Planlaşdırmaya iki mühüm hadisə də təsir edir: oktyabrın 27-də İsraildə keçiriləcək seçkilər və noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilər.
Tramp Netanyahu ilə görüşə bilər:
Trampdan gələn həftə Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb-görüşməyəcəyi soruşulub.
“Bəlkə də”, - Tramp cavab verib.
Mövsüm,
AzNews.az