Mehriban İmanova tarixçi alimləri qəzəbləndirdi: Elm Fonduna kəskin ittihamlar

Xəbər veridyimiz kimi, AMEA Tarix və Etnologiya İnstitutu prezident İlham Əliyevə müraciət edib. Alimlər müraciətdə Azərbaycan Elm Fondunun fəaliyyətini kəskin tənqid edib və dövlət başçısının diqqətini İnstitutun təqdim etdiyi bütün layihələrin Fond tərəfindən geri qaytarıldığına diqqət çəkiblər. Müraciətdə deyilir:

"Azərbaycan Elm Fondunun belə bir iş üsulu müasir dünyada bu sahədə qəbul edilmiş heç bir tələbə cavab vermir. Azərbaycan Elm Fondunun “Əsas qrant müsabiqəsi-2026” qalib layihələrin siyahısı da bu təşkilatda işlərin müasir səviyyədə qurulmadığını əyani şəkildə təsdiqləyir. Həmin siyahının nəzərdən keçirilməsi zamanı ən müasir texniki vasitələr və preparatlar ilə təmin edilmiş laboratoriyalar tələb olunan mövzular ilə adi tədqiqat tələb edən mövzular arasında fərq qoyulmadığı, ucdantutma bərabərləşdirilərək hər birinə 120.000 manat ayrıldığı aydın olur.
Tarix və Etnologiya İnstitutunun bilavasitə, prioritetinə aid olan bir mövzu üzrə qalib layihəyə (“Qarabağ və Şərqi Zəngəzurun xristian dini inzibati mərkəzlərində tarixi, arxeoloji və etnoloji tədqiqatlar. (Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastr kompleksləri əsasında”) diqqəti cəlb etmək istəyirik.

Bu layihənin adı elmi cəhətdən tamamilə səhvdir. Təqdim olunan monastr komplekslərinin hamısı “xristian dini inzibati mərkəzi” olmamışdır. Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri kimi respublikada, bilavasitə tarix və etnologiya sahəsində fəaliyyət göstərən tədqiqatçılar bizə yaxşı məlumdur. Bu qalib layihə üzrə hansı mütəxəssislər tarix və etnoloji tədqiqatlar aparacaqdır?
Azərbaycan Elm Fondunun həmin layihə üzrə kimləri qalib etməsi barədə məlumatların geniş elmi ictimaiyyətə çatdırılması zəruridir.

Göstərilən bir neçə faktdan aydın olur ki, Azərbaycan Elm Fondu dövlətin və elmi ictimaiyyətin ona olan etimadını doğrultmur. Bunu əsas tutaraq fondun son dövrdəki fəaliyyətinin ciddi şəkildə araşdırılmasına, onun işində şəffaflığın və aşkarlığın təmin edilməsinə ehtiyac vardır".

Xatırladaq ki, Fondun İcraçı Direktoru Mehriban İmanovadır.

İmanova müraciətlə bağlı hər hansı açıqlama verməyib.

AzNews.az