USS Abraham Lincoln-də 8 hərbçinin intihara cəhd etdiyi açıqlanıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu 2025-ci ilin noyabrında Cənubi Çin dənizində yerləşdirilmək üçün Kaliforniyadan yola düşüb.

Gəmi 2026-cı ilin fevralında ABŞ-nin İranda keçirdiyi hərbi əməliyyatlardan əvvəl Yaxın Şərqə göndərilib.

Missiyanın müddəti dəfələrlə uzadılıb

Normal şəraitdə 2026-cı ilin mayında başa çatması planlaşdırılan missiyanın müddəti bölgədəki hərbi fəallıq səbəbindən dəfələrlə uzadılıb.

Dənizdə keçirilən müddət 250 günü keçərkən gəmidəki yaşayış şəraiti də ciddi şəkildə ağırlaşıb.

Ağır psixoloji proses

Su təmizləmə sistemlərində texniki nasazlıqlar yaranıb, regional boru xətlərində problemlər baş verib. Təzə ərzaq təminatında yaranan çətinliklər səbəbindən yemək seçimləri də məhdudlaşıb.

Səs-küy, yuxusuzluq və ağır yaşayış şəraitinin yaratdığı ciddi psixoloji təzyiq nəticəsində gəmi heyəti və ona bağlı hava qanadlarından 8 dənizçi intihara cəhd edib.

Tramp xəbərləri təkzib edib

Hərbçilərin ailələri personalın pisləşən psixoloji vəziyyəti ilə bağlı həyəcan təbili çalarkən ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset gəmidən gələn bu məlumatları “saxta xəbər” adlandıraraq rədd ediblər.

2026-cı ilin avqustunda, təxminən 9 aylıq fasiləsiz yerləşdirilmədən sonra “USS Abraham Lincoln”u əvəz etmək üçün bölgəyə “USS George Washington” aviadaşıyıcısı göndərilib və “Lincoln” gəmisinin heyəti ABŞ-yə qayıtmaq üçün yola çıxıb.

Hunq Kao rəsmi olaraq etiraf edib

İctimaiyyətdə artan narahatlıq fonunda ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hunq Kao 22 sentyabr 2026-cı ildə senator Kirsten Gillibranda rəsmi məktub göndərib.

Kao məktubunda su və boru xətlərindəki texniki problemləri, eləcə də 8 dənizçinin intihara cəhd etdiyini rəsmi olaraq təsdiqləyib. Bununla belə, o, gəmidə “psixi sağlamlıq böhranı” yaşandığı barədə iddiaları rədd edib.

Mövsüm,

AzNews.az