Uelsdə Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ilə insident: iki pilot yaralanıb

Uelsdə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ilə baş verən insident nəticəsində iki pilot xəsarət alıb.

Bu barədə “Sky News” yerli polisə istinadən məlumat yayıb.

Təcili yardım xidmətləri Anqlsi adasındakı Penkarnisiog ərazisində hadisə yerinə gəlib. İnsident Velli aviabazasının yaxınlığında qeydə alınıb. Şimali Uels hüquq-mühafizə orqanlarının məlumatına görə, pilotların həyatı üçün təhlükə yoxdur.

“İki pilota tibbi yardım göstərilir. Onların, ehtimal ki, yüngül xəsarətləri var. Hazırda daha ciddi xəsarət və ya yaralanma barədə məlumat daxil olmayıb”, - deyə qurumdan bildirilib.

Kral Hərbi Hava Qüvvələrinin nümayəndəsi insidentdə Velli bazasından havaya qalxan T2 “Hawk” təyyarəsinin iştirak etdiyini təsdiqləyib. Hərbi qurum hadisə ilə bağlı araşdırmaya başlanıldığını qeyd edib, lakin bütün hallar aydınlaşdırılana qədər əlavə açıqlama verməkdən imtina edib.

Mövsüm, AzNews.az