Kanadalı generalın “NATO Rusiya ilə müharibədədir” açıqlaması nə deməkdir? - AÇIQLAMA

"Kanadanın təqaüddə olan Hərbi Hava Qüvvələrinin general-mayoru Skott Klensinin NATO ilə Rusiya arasında artıq müharibənin getdiyini, lakin bunun hələ açıq atışmalı müharibəyə çevrilmədiyini bildirməsi diqqət çəkir. Kanada Silahlı Qüvvələrində 37 il xidmət etmiş və karyerası ərzində müxtəlif əməliyyatlara rəhbərlik etmiş hərbçinin mövcud vəziyyəti hərbi baxımdan belə qiymətləndirməsi, əlbəttə, təsadüfi sayıla bilməz. Lakin onun açıqlaması NATO-nun rəsmi mövqeyi ilə tamamilə fərqlənir. Hüquqi və hərbi baxımdan bu fikrin rəsmi təsdiqini tapdığını söyləmək mümkün deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi deyib.

Qeyd edək ki, təqaüddə olan Kanada Hərbi Hava Qüvvələrinin general-mayoru Skott Klensinin NATO ilə Rusiya arasında müharibənin artıq başladığı barədə açıqlaması diqqət çəkib. General NATO-nun Rusiya ilə faktiki olaraq qarşıdurma vəziyyətində olduğunu, lakin Alyansın genişmiqyaslı müharibədən yayınmağa çalışdığını bildirib. Onun sözlərinə görə, NATO belə bir müharibəyə tam hazır deyil. Bu açıqlama fonunda NATO-Rusiya qarşıdurmasının hazırkı mərhələsini və mümkün inkişaf istiqamətlərini siyasi şərhçi ilə müzakirə etmək maraqlı olardı.

Siyasi şərhçi qeyd edib ki, hazırda NATO ilə Rusiya arasında Ukraynada olduğu kimi birbaşa hərbi qarşıdurma mövcud deyil.

"NATO-nun rəsmi mövqeyi də bundan ibarətdir. Alyans Rusiya ilə müharibədə iştirak etmədiyini və Ukrayna müharibəsinin tərəfi olmadığını bildirir. NATO Ukraynaya silah, hərbi təlim, kəşfiyyat və digər sahələrdə dəstək göstərir. Bununla belə, Alyansın hərbi qüvvələri Ukrayna ərazisində Rusiya ilə birbaşa döyüşlərdə iştirak etmir. Bütün bunlarla yanaşı, Rusiya ilə NATO ölkələri arasında kiberhücumlar, casusluq və kəşfiyyat mübarizəsi, sabotaj, kritik infrastruktura qarşı yönəlmiş fəaliyyətlər, pilotsuz uçuş aparatları ilə bağlı insidentlər, iqtisadi və enerji qarşıdurması, həmçinin silah və hərbi texnologiyalar sahəsində rəqabət kimi “boz zona” və hibrid qarşıdurma elementləri mövcuddur. Son dövrlərdə Rusiyanın Avropadakı NATO ölkələrinə qarşı, o cümlədən sualtı kabellərlə bağlı insidentlərdən dron və digər hücumlara qədər müxtəlif fəaliyyətlərinin artdığı barədə məlumatlar yayılır. Bu baxımdan kanadalı generalın “NATO Rusiya ilə müharibədədir” açıqlamasını NATO ilə Rusiya arasında mövcud hibrid qarşıdurma kontekstində izah etmək mümkündür. Yəni hazırkı mərhələdə NATO ilə Rusiya arasında klassik mənada birbaşa müharibə yoxdur. Lakin tərəflər arasında müxtəlif sahələrdə ciddi hibrid qarşıdurma davam edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az