Belçikada həbsxanalarda yer çatışmazlığı: 599 məhbus yerdə yatmağa məcbur qalıb

Belçikada həbsxanalarda həddindən artıq sıxlıq səbəbindən yüzlərlə təqsirləndirilən və məhkum yataqsız qalaraq yerdə yatmağa məcbur olur.

Rəsmi “Belga” xəbər agentliyinin İctimai Xidmətlər Həmkarlar İttifaqının (ACOD) məlumatlarına əsasən yaydığı xəbərə görə, yerdə yatmağa məcbur qalanların sayı bir həftə ərzində 55 nəfər artaraq 599-a çatıb.

Ən çox yataq çatışmazlığı Flandriyada yaşanır

Yataq çatışmazlığı ilə üzləşən 599 nəfərin 228-i Flandriya bölgəsindəki, 214-ü isə Valloniya bölgəsindəki həbsxanalarda saxlanılır. Brüsseldəki Haren həbsxanasında isə 157 nəfərin yataqsız qaldığı bildirilib.

Belçikadakı həbsxanaların ümumi tutumu 10 795 nəfər olsa da, hazırda saxlanılan təqsirləndirilən və məhkumların sayının 13 434-ə çatdığı qeyd edilib.

Həmkarlar ittifaqları tətilə çıxır

ACV, ACOD və VSOA həmkarlar ittifaqları həbsxanalardakı həddindən artıq sıxlığa, işçi çatışmazlığına, təhlükəsizlik və infrastruktur problemlərinə diqqət çəkərək sentyabrın 25-26-da 24 saatlıq tətil keçirəcəklər.

Həmkarlar ittifaqları Ədliyyə Nazirliyi ilə keçirilən görüşlərdə problemlərin həlli istiqamətində kifayət qədər konkret addımların atılmadığını bildirirlər.

Brüsseldəki müvəqqəti saxlanma mərkəzləri ilə bağlı xəbərdarlıq

İnsanlıqdan kənar rəftarın qarşısının alınması üzrə Milli Mexanizm (NPM) isə Brüsseldə yerləşən iki müvəqqəti saxlanma mərkəzi ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

NPM sözügedən mərkəzlərin hətta bir neçə saatlıq saxlanma üçün belə uyğun olmadığını bildirib. Mərkəzlərdə kifayət qədər personal və nəzarətin olmadığı, saxlanılan şəxslərin içməli suya çıxışının təmin edilmədiyi və qida ehtiyaclarının qarşılanmasına zəmanət verilmədiyi qeyd olunub.

Mövsüm,

AzNews.az